Bakı. Trend:
Hərbi Hava Qüvvələri komandanının müavini – Hava Döyüş komandiri general-mayor Zaur Rüstəmov NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Baş Qərargahının (SHAPE) Tərəfdaşlıq Baş İdarəsinin rəisinin müavini - Hərbi Əməkdaşlıq İdarəsinin rəisi briqada generalı Theodoros Stefou ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK)
Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin “Mi-17-1V”
tipli helikopter cütlüyünün 2-ci səviyyəli (NEL-2) NATO
qiymətləndirilməsi zamanı keçirilən görüşdə Azərbaycan ilə NATO
arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf
perspektivləri müzakirə olunub.
Görüşdə birgə həyata keçirilən fəaliyyətlər, bölmələrin hazırlıq
səviyyəsi və qarşıya qoyulan tapşırıqlar barədə təqdimatlar
verilib.
Bu cür tədbirlərin sülhməramlı əməliyyatlara hazırlıq
səviyyəsinin yüksəldilməsi, qarşılıqlı fəaliyyətin gücləndirilməsi
və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm
əhəmiyyətə malik olduğu vurğulanıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir
mübadiləsi aparıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə fotosu çəkdirilib.
Görüşdən sonra təlim sahəsində olan qonaqlar bölmələrin təchizatına baxış keçirərək NATO standartları və tələblərinə uyarlılıq səviyyəsini yoxlayıblar.
