Bakı. Trend:
Bakıda “Formula 1”in keçirildiyi həftəsonunda Azərbaycana gələn əcnəbi turistlərin xərcləri əvvəlki üç həftəsonunun orta göstəricisi ilə müqayisədə 72% artıb.
Bu barədə Visa şirkətinin “Visa Consulting & Analytics” (VCA) bölməsi tərəfindən aparılan təhlildə bildirilib.
Qeyd edilib ki, artım hotel, nəqliyyat, restoran və pərakəndə ticarət sahələrində qeydə alınıb.
Məlumata görə, Qazaxıstan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Birləşmiş Krallıqdan gələn turistlərin xərcləri yarış günlərində bir həftə əvvəlki eyni dövrlə müqayisədə 104% artıb.
Hotel və nəqliyyat xərclərində artım qeydə alınıb
Yarış həftəsi ərzində əcnəbi qonaqların hotel xərcləri əvvəlki həftə ilə müqayisədə 81% artıb. Nəqliyyat xərcləri isə yarış həftəsonunda əvvəlki həftəsonuna nisbətən 91% yüksəlib.
İdman mallarına çəkilən xərclər də artıb. Belə ki, bu sahədə xərclərin həcmi sentyabrın 24-də, məşq günü ilə sentyabrın 25-də keçirilən təsnifat mərhələsi günü müqayisə edildikdə 120% artım göstərib.
Restoran xərcləri yarış günü olan sentyabrın 26-da əvvəlki şənbə günü ilə müqayisədə 29% çox olub.
Turistlərin 62%-i ölkədə daha uzun müddət qalıb
Təhlilə əsasən, yarış həftəsonu Azərbaycana gələn qonaqların bir qismi səfərlərini tədbirdən sonrakı günlərdə də davam etdirib. Uzunmüddətli qonaqlar ümumi iştirakçıların təxminən 62%-ni təşkil edib və ölkədə orta hesabla 12 gündən çox qalıblar.
Visa-nın Azərbaycan üzrə baş direktoru və ölkə meneceri Nurlan Hacıyev bildirib ki, böyük idman tədbirləri iqtisadi və mədəni baxımdan geniş təsirə malikdir.
“Böyük idman tədbirləri güclü iqtisadi və mədəni anlardır və bu il Bakıda keçirilən yarış həftəsi onların təsirinin daha geniş iqtisadiyyata və tədbirin özündən kənara necə yayıla biləcəyini göstərir. Xərclərimizlə bağlı statistik məlumatlar göstərir ki, əcnəbi qonaqlar yarış həftəsi boyunca qonaqlama, nəqliyyat, iaşə və pərakəndə satış kimi bir çox sahələrdə pul xərcləyərək yerli bizneslərə dəstək olur və Azərbaycanın turizm iqtisadiyyatına töhfə verirlər”, - deyə Visa-nın Azərbaycan üzrə Baş direktoru və ölkə meneceri Nurlan Hacıyev bildirib.
Təhlil hansı məlumatlara əsaslanır?
Visa-nın təhlili Azərbaycanda Premium və qeyri-Premium kart sahiblərinin ümumiləşdirilmiş ödəniş əməliyyatları əsasında hazırlanıb. Araşdırma 2026-cı il sentyabrın 24-26-da Bakıda keçirilən yarışla bağlı xərcləmə fəaliyyətini əhatə edir.
Ümumi beynəlxalq xərclər yarış həftəsonu üzrə göstəricilərin sentyabrın 3-5-i, 10-12-si və 17-19-u tarixlərindəki üç həftəsonunun orta göstəricisi ilə müqayisəsi əsasında hesablanıb. Beş əsas turist bazarı üzrə artım isə sentyabrın 24-26-sı ilə bir həftə əvvəlki eyni günlərin müqayisəsinə əsaslanıb.
Hotel xərcləri sentyabrın 21-27-si ilə əvvəlki həftə, nəqliyyat xərcləri isə yarış həftəsonu ilə əvvəlki həftəsonu arasında müqayisə edilib. Restoran xərcləri yarış günü ilə əvvəlki şənbə günü üzrə göstəricilər əsasında hesablanıb.
Qeyd edək ki, Visa rəqəmsal ödənişlər sahəsində fəaliyyət göstərir və 200-dən çox ölkə və regionda istehlakçılar, biznes subyektləri, maliyyə və dövlət qurumları arasında ödəniş əməliyyatlarını dəstəkləyir.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula 1" yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland), Oskar Piastri (Avstraliya), M.Ferstappen bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.
Builki yubiley (10-cu) turnirdə 10 komandadan 20 pilot birincilik uğrunda mübarizə aparıb. İlk yeri “Mercedes”in britaniyalı pilotu Corc Rassell tutub. “Red Bull”dan niderlandlı Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar üçüncü sıraya qalxıb.
Yarış trekinin uzunluğu 6 kilometrdir. "Formula 1" təqvimindəki ən uzun treklərdən sayılan Bakı trasının 20 döngəsi var. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb.
