Bakı.Trend:
Azərbaycanda sentyabr ayında Visa ödəniş kartları üzrə əməliyyatların həcmi təxminən 7 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda rezident maliyyə institutları tərəfindən buraxılmış Visa ödəniş kartları (həmçinin statistik vahidin ödəniş kartları) üzrə əməliyyatların sayı 168,643 milyon, həcmi isə 8,399 milyard manat təşkil edib.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların sayı 28,167 milyon və ya 20 faiz, həcmi isə 521 milyon manat və ya 6,6 faiz artıb.
AMB-nin məlumatına görə, qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış Visa kartları üzrə əməliyyatların sayı 1,129 milyon, həcmi isə 96,6 milyon manat olub.
Bankın məlumatına əsasən, ötən ilin sentyabr ayı ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının buraxdığı Visa kartları üzrə əməliyyatların sayı 28 mindən çox və ya 2,5 faiz artıb, əməliyyatların həcmi isə 1,2 milyon manatdan çox və ya 1,2 faiz azalıb.
Qeyd edək ki, rezident maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi ölkə ərazisində fəaliyyət göstərən yerli banklar və digər maliyyə institutları tərəfindən emissiya edilmiş kartlarla aparılan əməliyyatların ümumi göstəricilərini əks etdirir.
Qeyri-rezident maliyyə institutları tərəfindən buraxılmış ödəniş kartları üzrə əməliyyatların sayı və həcmi isə xaricdə fəaliyyət göstərən bank və maliyyə institutlarının emissiya etdiyi kartlarla Azərbaycanda həyata keçirilən əməliyyatların ümumi sayını və məbləğini göstərir.
