Bakı. Trend:
Azərbaycanda 2027–2028-ci illərdə bərpa olunan enerji mənbələri hesabına əlavə 2 giqavat elektrik enerjisi istehsalı gücünün yaradılması nəzərdə tutulur. 2030-cu ilədək bu sahədə qoyuluş gücünün artırılması və bərpa olunan enerjinin ümumi elektrik enerjisi istehsal gücündəki payının 34 faizə çatdırılması hədəflənir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
Nazir müavini bildirib ki, bərpa olunan enerji mənbələrinin inkişafı Azərbaycanın enerji sektorunda əsas istiqamətlərdən biridir. Hazırda ölkənin elektrik enerjisi istehsalı üzrə ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı təxminən 21,5 faiz təşkil edir.
Onun sözlərinə görə, qarşıdakı illərdə külək və günəş enerjisi layihələrinin reallaşdırılması bu göstəricinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcək.
“2027–2028-ci illərə qədər əlavə 2 giqavat gücün yaradılması prosesi artıq başlayıb. Növbəti mərhələlərdə də külək və günəş enerjisi üzrə yeni güclərin istifadəyə verilməsi nəzərdə tutulur. Hədəfimiz 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi qoyuluş gücündəki payını 34 faizə çatdırmaqdır”, – deyə o qeyd edib.
E.Soltanov vurğulayıb ki, Azərbaycan ənənəvi enerji sahəsində əldə etdiyi mövqeyi bərpa olunan enerji sektorunda da möhkəmləndirməyə çalışır.
“Azərbaycan neft sahəsində dünya miqyasında, təbii qaz sektorunda isə regionda mühüm mövqeyə malikdir. "Yaşıl enerji" sahəsində də ölkəmizin regional liderlərdən birinə çevrilməsi üçün imkanlar mövcuddur”, – deyə nazir müavini bildirib.
O qeyd edib ki, bərpa olunan enerji layihələri ölkəyə böyük həcmdə investisiyaların cəlb olunmasına şərait yaradır. Belə ki, təxminən 2 giqavat yeni qoyuluş gücünün yaradılması ölkəyə 2 milyard dollar civarında investisiyanın gəlməsi deməkdir.
Nazir müavininin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bu sahədə əsas strateji tərəfdaşlarından biridir. Şirkətin layihələri çərçivəsində 2028-ci ilədək ölkədə 1 giqavatdan çox bərpa olunan enerji gücünün yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, E.Soltanov bildirib ki, bərpa olunan enerji layihələrinin inkişafı yalnız yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Elektrik şəbəkəsinin müasirləşdirilməsi və gücləndirilməsi də bu prosesin əsas şərtlərindəndir.
“Yeni bərpa olunan enerji güclərinin yaradılması ölkəyə milyardlarla dollar investisiya cəlb edə bilər. Lakin həmin enerjinin şəbəkəyə təhlükəsiz və səmərəli şəkildə ötürülməsi üçün dövlət də elektrik şəbəkəsinin gücləndirilməsinə ciddi vəsait ayırmalıdır. Şəbəkə mövcud vəziyyətdə bərpa olunan enerjini istənilən həcmdə və çevikliklə qəbul etmək imkanına malik deyil”, – deyə o bildirib.
Nazir müavini qeyd edib ki, günəş və külək enerjisinin istehsalı hava şəraitindən asılı olduğuna görə bu mənbələrdən alınan elektrik enerjisinin idarə olunması ənənəvi enerji istehsalına nisbətən daha mürəkkəbdir. Buna görə də enerji sistemində batareya saxlama qurğularının yaradılması və şəbəkənin balanslaşdırma imkanlarının genişləndirilməsi vacibdir.
“Elektrik enerjisi elə bir əmtəədir ki, onun istehsalı və istehlakı arasında balans daim qorunmalıdır. İstehsal və istehlak arasındakı tarazlıq pozulduqda enerji sistemində ciddi problemlər yarana, hətta genişmiqyaslı elektrik kəsintiləri baş verə bilər. Buna görə də bərpa olunan enerjinin payı artdıqca enerji sisteminin idarəolunması və balanslaşdırılması məsələləri daha böyük əhəmiyyət qazanır”, – deyə E.Soltanov vurğulayıb.
O əlavə edib ki, bərpa olunan enerji bəzi hallarda artıq ənənəvi enerji mənbələri ilə bazar şərtləri çərçivəsində rəqabət aparır. Bununla belə, bu rəqabət bütün şəraitlərdə eyni səviyyədə deyil və layihələrin iqtisadi səmərəliliyi ilə yanaşı, şəbəkə infrastrukturu, enerji saxlama texnologiyaları və sistemin çevikliyi də nəzərə alınmalıdır.
Nazir müavininin sözlərinə görə, bərpa olunan enerji istehsalının genişləndirilməsi, elektrik şəbəkəsinin gücləndirilməsi və batareya sistemlərinin qurulması paralel şəkildə həyata keçirilməlidir. Bu yanaşma Azərbaycanın "yaşıl enerji" hədəflərinə çatmasına, yeni investisiyaların cəlb edilməsinə və enerji sisteminin dayanıqlığının artırılmasına töhfə verə bilər.
