Azərbaycanın yolu: milli birlik, suverenlik və ədalətli dünya nizamı

Cəmiyyət Təhlil 27 Oktyabr 2026 16:55 (UTC +04:00)
Azərbaycanın yolu: milli birlik, suverenlik və ədalətli dünya nizamı
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın müasir inkişaf modelinin təməlində milli həmrəylik, dövlət suverenliyinə hörmət, beynəlxalq hüququn aliliyi və xalqların bərabərliyi prinsipləri dayanır. Ölkəmizin keçdiyi tarixi yol göstərir ki, güclü dövlət quruculuğu yalnız iqtisadi və siyasi imkanlarla deyil, cəmiyyəti ortaq məqsədlər ətrafında birləşdirən milli ideologiya və qətiyyətli iradə ilə mümkündür.

Azərbaycan xalqının birliyini təmin edən əsas ideoloji dayaqlardan biri Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq məfkurəsidir. Heydər Əliyevin rəhbərliyi dövründə bu ideologiyanın mahiyyəti, prinsipləri və dövlətçilik sistemindəki rolu ətrafında aparılan müzakirələr onun ictimai-siyasi düşüncədə möhkəmlənməsinə mühüm təsir göstərdi. Azərbaycançılıq ayrı-ayrı etnik və mədəni kimlikləri qarşı-qarşıya qoyan deyil, onları vahid dövlət və vətəndaşlıq məkanında birləşdirən qurucu ideoloji sistemdir. Bu məfkurə ölkəmizdə yaşayan azsaylı xalqların və etnik azlıqların ortaq vətən anlayışı ətrafında birləşməsinə, milli həmrəyliyin güclənməsinə xidmət edir. Onun tarixi, elmi-fəlsəfi və dövlətçilik əsasları Azərbaycan cəmiyyətinin bütövlüyünü qoruyan mühüm amillərdəndir.

Bu gün ölkə daxilində sabitliyin və birliyin qorunması Azərbaycanın strateji üstünlüklərindən biridir. Mövcud risklərin mühüm hissəsinin xarici mühitdə formalaşması isə təhlükəsizliyin yalnız hərbi və siyasi vasitələrlə deyil, ideoloji müstəvidə də təmin olunmasını zəruri edir. Əgər əvvəlki dövrlərdə suverenliyə təhdidlər əsasən fiziki müdaxilə, hərbi təzyiq və birbaşa güc tətbiqi formasında meydana çıxırdısa, hazırda ideoloji müdaxilə də ciddi təhlükəyə çevrilib. Bu reallıq müstəqil dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi prinsipinin daha qətiyyətlə müdafiəsini tələb edir.

Başqa dövlətlərə öz siyasi baxışlarını qəbul etdirməyə, onlara dərs verməyə çalışan qüvvələr ilk növbədə öz cəmiyyətlərindəki problemlərə nəzər salmalıdırlar. Başqasını mühakimə etməzdən əvvəl güzgüdə özünə baxmaq, daxili ziddiyyətləri və çatışmazlıqları aradan qaldırmaq daha sağlam yanaşmadır. Dövlətlərin suveren bərabərliyi qarşılıqlı hörməti, təzyiqdən çəkinməyi və hər bir xalqın öz gələcəyini müstəqil müəyyənləşdirmək hüququna ehtiram göstərməyi tələb edir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərimizin uzun illər işğal altında saxlanılması beynəlxalq münasibətlər sistemindəki ikili standartların ağır nəticələrini üzə çıxardı. Beynəlxalq hüququn prinsipləri hamı üçün eyni olduğu halda, onların tətbiqində müşahidə olunan selektiv yanaşma münaqişələrin uzanmasına və yeni qarşıdurmaların yaranmasına şərait yaradır. Özünü digər xalqlardan üstün tutmaq, başqasının hüquqlarını nəzərə almamaq və törədilən əməllərə görə cəzasız qalacağına inanmaq müharibələrə yol açan başlıca amillərdəndir. Azərbaycanın təcrübəsi isə göstərdi ki, ərazi bütövlüyünün bərpası, suverenliyin təmin olunması və davamlı sülhün qurulması üçün beynəlxalq hüququn söz səviyyəsində tanınması kifayət etmir, onun real icrası da təmin olunmalıdır.

Birləşmiş Millətlər Təşkilatının və xüsusilə Təhlükəsizlik Şurasının fəaliyyəti bu baxımdan ciddi suallar doğurur. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul edilmiş dörd qətnamənin uzun müddət icrasız qalması beynəlxalq sistemin əsas problemlərindən birini nümayiş etdirdi. Bəzi hallarda qətnamələrin qısa müddətdə həyata keçirildiyi halda, Azərbaycanın məsələsində onların onilliklər boyu kağız üzərində qalması açıq ikili standart nümunəsi idi. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının platformasında BMT Baş katibi Antonio Quterreşə ünvanladığı mesajın mahiyyəti də bu ziddiyyətə diqqət çəkməkdən ibarət idi. Beynəlxalq təşkilatların nüfuzu qəbul etdikləri sənədlərin sayından deyil, onların icrasını təmin etmək imkanından asılıdır.

Müstəqilliyinin bərpasından ötən 35 il ərzində Azərbaycan siyasi və iqtisadi inkişaf, dövlət institutlarının möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Ölkəmiz yalnız milli maraqlarını müdafiə etməklə kifayətlənməyib, mədəniyyətlərarası dialoqun genişlənməsinə, müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə də töhfə verib. İslam dünyasında Azərbaycanın artan rolu, 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Konfransına ev sahibliyi edəcək ölkə kimi üzərinə götürdüyü məsuliyyət bunun mühüm göstəricilərindəndir.

Son dövrdə SİCA sammiti çərçivəsindəki fəaliyyət və 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizin beynəlxalq əlaqələrinin genişliyini və diplomatik nüfuzunu əks etdirir. Bu cür mötəbər tədbirlərin təşkili üçün Azərbaycanda həm əlverişli siyasi zəmin, həm də inkişaf etmiş nəqliyyat, kommunikasiya, təhlükəsizlik və tədbir infrastrukturu mövcuddur. Ölkəmizin beynəlxalq reputasiyası təkcə təşkilati imkanlarla deyil, müxtəlif tərəfdaşlarla dialoq qurmaq, mürəkkəb məsələlərin müzakirəsinə şərait yaratmaq və əməkdaşlığı təşviq etmək bacarığı ilə də müəyyənləşir.

Azərbaycanın təcrübəsindən çıxarılan əsas nəticə ondan ibarətdir ki, milli birliklə möhkəmlənən dövlət öz suverenliyini qorumaqla yanaşı, beynəlxalq münasibətlərdə də etibarlı tərəfdaş mövqeyini gücləndirə bilər. Bunun üçün azərbaycançılıq ideologiyasının birləşdirici gücü, beynəlxalq hüquqa bərabər yanaşma və müstəqil dövlətlərin daxili işlərinə hörmət prinsipi qorunmalıdır. Ədalətli dünya nizamı yalnız bu prinsiplər hamıya eyni şəkildə tətbiq edildikdə mümkündür. Azərbaycanın hədəfi də milli maraqlarını müdafiə edən, regional sülhə töhfə verən və qlobal əməkdaşlıqda fəal iştirak edən güclü dövlət kimi inkişafını davam etdirməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti