Bakı.Trend:
Türkiyənin Antalya şəhərində güclü qasırğa nəticəsində dörd nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Zərərçəkənlərin hamısı tikinti sahəsində çalışan fəhlələr olub.
"Haber7"nin məlumatına görə, hadisə oktyabrın 26-da yerli vaxtla saat 23:00 radələrində Antalya şəhərinin Kepez rayonunun Fevzi Çakmak məhəlləsində, 6199-cu küçədə baş verib.
Axşam saatlarında Antalyada güclü yağış və külək müşahidə olunub. Türkiyənin Meteorologiya Xidməti leysan yağışlarla əlaqədar daha əvvəl sarı xəbərdarlıq elan edib.
Yaşayış kompleksinin tikinti sahəsində qəfil tornado meydana gəlib. Güclü burağan fəhlələrin olduğu iki konteyneri dağıdıb və beş nəfəri çölə atıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları, polis, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.
İlkin məlumata görə, iki fəhlə hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib. Beşinci zərərçəkən xəsarət alıb, onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Tornado tikinti sahəsində quraşdırılmış qülləli kranı da aşırıb. Lakin Antalya valisi Hulusi Şahinin sözlərinə görə, insanların ölümü və xəsarət alması kranın aşması ilə əlaqəli deyil.
