Bakı. Trend:
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2026-cı ilin sentyabr ayının sonunda əvvəlki ayla müqayisədə 414 min ədəd artaraq 23 milyon 388 minə çatıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 9,5% artıb. Debet kartlarının sayı illik müqayisədə 11% artdığı halda, kredit kartlarının sayı 3,9% azalıb.
Cari ilin sentyabr ayında kartlar vasitəsilə ölkədaxili nağdsız ödənişlərin həcmi 8 milyard 977 milyon manat təşkil edib. Bu məbləğin 7 milyard 755 milyon manatı elektron ticarətin, 1 milyard 220 milyon manatı POS-terminalların, 2 milyon manatı isə özünəxidmət terminalları və bankomatların payına düşüb.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11,7% artıb. Bu dövrdə ödəniş kartları ilə həyata keçirilən nağdsız ölkədaxili əməliyyatlar ölkədaxili kart əməliyyatlarının 69,7%-ni təşkil edib.
Bununla yanaşı, banklar və “Azərpoçt” MMC-nin ödəniş xidməti şəbəkələrində bankomatların sayı avqustun sonu ilə müqayisədə 0,2%, POS-terminalların sayı isə 4,6% azalıb.
