Bakı. Trend:
Azərbaycanın İslam dünyasındakı mövqeyi tarixi ənənələrə, milli-mənəvi dəyərlərə, beynəlxalq əməkdaşlığa və dövlətin ardıcıl siyasətinə əsaslanır; Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi ilə görüşü də ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətindəki səylərinin beynəlxalq səviyyədə əhəmiyyətini bir daha nümayiş etdirir.
Görüş zamanı İƏT Baş katibinin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə xüsusi ehtiram göstərməsi və onun Azərbaycanla təşkilat arasında münasibətlərin yaradılması, inkişaf etdirilməsi sahəsindəki müstəsna xidmətlərini vurğulaması ölkəmizin İslam dünyası ilə əlaqələrinin möhkəm təməllər üzərində qurulduğunu göstərir. Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsinin tarixi hadisə kimi qiymətləndirilməsi və bunun münasibətilə təbriklərin çatdırılması da dövlətimizin beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən önəmin ifadəsidir.
Ermənistanın təxminən 30 il davam edən təcavüzü dövründə Azərbaycan torpaqlarının işğal altında saxlanılması ölkəmizin suveren hüquqlarının kobud şəkildə pozulması idi. İƏT həmin müddətdə işğalı qətiyyətlə pisləyib, Azərbaycanın ərazi bütövlüyünü və haqq işini müdafiə edən çoxsaylı qətnamələr və bəyanatlar qəbul edib. Təşkilat çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair xüsusi Təmas Qrupunun yaradılması da bu dəstəyin konkret nümunəsi olub. Münaqişənin həllindən sonra həmin qrup ləğv edilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı mərhələdə İƏT azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərini alqışlayan sənədlər qəbul edib. 2021-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyətləri Ağdam və Füzuli rayonlarında, eləcə də Gəncə şəhərində faktaraşdırıcı missiyalar həyata keçiriblər. Missiyaların məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin və azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarını yerində araşdırmaq, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılar barədə məlumat toplamaq olub. Bu faktların araşdırılması dağıntıların miqyasının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda daimi sülhün və sabitliyin yaradılması istiqamətində şəxsi səyləri, irəli sürdüyü təşəbbüslər və atdığı strateji addımlar İƏT rəhbərliyi tərəfindən dəstəklənir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, regionda uzunmüddətli sabitlik beynəlxalq hüquqa hörmət, suverenliyin tanınması və dövlətlər arasında münasibətlərin qarşılıqlı öhdəliklər əsasında qurulması ilə mümkündür. İslam dünyasının bu istiqamətdə nümayiş etdirdiyi dəstək regional sülhün möhkəmləndirilməsinə töhfə verə bilər.
Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfələr yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qoşulduğu ilk beynəlxalq təşkilatlardan biri məhz İƏT olub və 2026-cı ildə Azərbaycanın təşkilata üzvlüyünün 35 ili tamam olur. Bu müddətdə Azərbaycan İslam dünyasının birliyini, dini-mədəni irsin qorunmasını, müqəddəs məkanların bərpasını və sivilizasiyalararası dialoqu ardıcıl şəkildə dəstəkləyib. İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış məscidlərin bərpası, eləcə də Heydər Əliyev Fondunun xətti ilə xarici ölkələrdə İslam mədəniyyətinə aid abidələrin təmiri və qorunması bu siyasətin əməli nəticələridir.
Azərbaycanın inkişaf modeli də xüsusi diqqətə layiqdir. Ölkəmiz dünyəvi dövlət quruluşunu və müasir inkişaf istiqamətini qorumaqla yanaşı, İslamın mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir. Bu yanaşma dini kimliklə müasirliyin bir-birinə zidd olmadığını göstərir. Eyni zamanda, İslam dünyasına və Azərbaycana qarşı yönələn qarayaxma kampaniyaları və dezinformasiyalarla mübarizə aparılması üçün İƏT üzvlərinin əlaqələndirilmiş fəaliyyət göstərməsi vacibdir. Belə əməkdaşlıq həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına və dini ayrı-seçkiliyin qarşısının alınmasına xidmət edə bilər.
Azərbaycanın təşəbbüsləri beynəlxalq platformalarda da öz əksini tapıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İƏT tərəfindən fəal dəstəklənir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi zamanı, 28 oktyabr 2013-cü ildə BMT tarixində ilk dəfə ölkəmizin təşəbbüsü ilə BMT ilə İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr olunan yüksək səviyyəli iclas keçirilib. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli elan edilməsi və həmin ilin mayında IV İslam Həmrəyliyi Oyunlarının təşkili də bu istiqamətdə atılmış mühüm addımlardır. Ölkəmizin təşəbbüsü ilə 2004-cü ildə İslam Əməkdaşlığı Gənclər Forumu və onun Avrasiya Regional Mərkəzi yaradılıb, 2023-cü ildə isə Bakıda İƏT Əmək Mərkəzi təsis edilib.
İslamofobiya ilə mübarizə də Azərbaycanın beynəlxalq gündəliyə daşıdığı mühüm məsələlərdəndir. Prezident İlham Əliyevin himayəsi ilə 2023-cü ildən etibarən ölkəmizdə bu mövzuya həsr olunmuş beynəlxalq konfransların keçirilməsi dini dözümsüzlüyə qarşı mübarizənin gücləndirilməsinə yönəlib. Azərbaycanın təşəbbüsləri İslam dünyasının problemlərinin beynəlxalq müstəvidə müzakirəsinə və müxtəlif sivilizasiyalar arasında dialoqun genişləndirilməsinə imkan yaradır.
Qarşıdakı dövrdə Azərbaycanın İƏT çərçivəsində rolu daha da genişlənəcək. Şuşanın təşkilatın 2026-cı il üzrə turizm paytaxtı seçilməsi işğaldan azad edilmiş şəhərin tarixi və mədəni əhəmiyyətinin beynəlxalq səviyyədə tanınması baxımından əlamətdardır. 2026-cı ilin iyununda Bakıda İƏT-ə üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasının keçirilməsi də ölkəmizin təşkilat daxilində əməkdaşlıq platforması kimi əhəmiyyətini göstərir. 2027-ci il iyunun 1-2-də Azərbaycanda İƏT İnformasiya Nazirləri Konfransının 13-cü sessiyasının, iyunun 23-24-də isə İslam Zirvə Konfransının 16-cı sessiyasının keçirilməsi nəzərdə tutulur. Azərbaycan həmin sammitə ev sahibliyi etməklə yanaşı, İƏT-də sədrliyi də öz üzərinə götürəcək.
Bütün bunlar Azərbaycanın İslam dünyasında fəal mövqeyinin təsadüfi deyil, uzunmüddətli və ardıcıl siyasətin nəticəsi olduğunu təsdiqləyir. Azərbaycanın hədəfi milli maraqlarını və beynəlxalq hüququ müdafiə etməklə yanaşı, İslam həmrəyliyini gücləndirmək, mədəni irsi qorumaq, islamofobiyaya qarşı mübarizə aparmaq və regionda dayanıqlı sülhün bərqərar olmasına töhfə verməkdir. İƏT rəhbərliyinin ölkəmizin suverenliyinə və sülh təşəbbüslərinə dəstəyi isə bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha önə çıxarır.
