Bakı. Trend:
İkili standartlar siyasəti tam şəkildə beynəlxalq siyasətdən çıxarılmalıdır.
Bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Cəmiyyətimizin ikili standartlara sıfır tolerantlıq göstərdiyini xatırladan dövlətimizin başçısı deyib ki, bu, həmçinin müxtəlif müharibə və münaqişələrin həllində tətbiq olunmalıdır.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.
