"Abşeron yatağından hasil olunan neft 16 bazara ixrac oluna bilər - XRG (MÜSAHİBƏ)

İqtisadiyyat Xəbər 27 Oktyabr 2026 11:29 (UTC +04:00)
"Abşeron yatağından hasil olunan neft 16 bazara ixrac oluna bilər - XRG (MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın “Abşeron” yatağından hasil olunan qaz potensial olaraq 16 ixrac bazarına tədarük edilə bilər.

Bu barədə XRG şirkətinin aktivlərin idarə edilməsi üzrə direktoru Bassam Tadros çərşənbə axşamı Trend-ə verdiyi özəl müsahibədə bildirib.

XRG Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət neft-qaz şirkəti ADNOC-un investisiya bölməsidir.

"Abşeron” yatağı əhəmiyyətli qaz ehtiyatlarına malikdir və onun uzunmüddətli işlənməsinə sadiq tərəfdaşları bir araya gətirir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “TotalEnergies” layihədə hər biri 35 faiz paya sahibdir. “TotalEnergies” layihənin operatorudur, XRG-nin payı isə 30 faiz təşkil edir. Bu tərəfdaşlıq Azərbaycanın yerli səviyyədəki dərin təcrübəsini, beynəlxalq layihələrin həyata keçirilməsi sahəsində bilikləri və uzunmüddətli kapitalı birləşdirir. Layihənin birinci mərhələsi çərçivəsində 2023-cü ildən etibarən Azərbaycanın daxili bazarına qaz tədarük olunur”, - deyə o bildirib.

Tadros xatırladıb ki, yatağın tammiqyaslı işlənməsi ilə bağlı 26 sentyabr 2026-cı ildə elan edilən yekun investisiya qərarı layihənin həyata keçirilməsində yeni mərhələnin başlanğıcıdır.

“Qaz hasilatının 2029-cu ildə başlanacağı gözlənilir. Gündəlik qaz hasilatının həcmi dörd dəfə artaraq 150 milyon kubfutdan 600 milyon kubfuta çatacaq. Bizim üçün strateji imkan tərəfdaşlarımızla birlikdə bu genişlənməni dəstəkləmək, resursların hasilatına yatırılan investisiyalar, infrastruktur və gələcək satış bazarları arasında əlaqəni təmin etməkdir”, - deyə o əlavə edib.

XRG “Abşeron” yatağına ilkin investisiyalardan bəri necə əlavə dəyər yaradıb?

Direktor qeyd edib ki, bunun ən aydın nəticəsi artıq istismarda olan yatağa maraq göstərilməsindən layihənin genişmiqyaslı genişləndirilməsi ilə bağlı razılaşmanın əldə olunmasına keçid, eyni zamanda ixrac qazı üçün gələcək satış bazarının təmin edilməsi və SOCAR-ın daxili bazarına tədarükün davam etdirilməsidir.

“BOTAŞ ilə qazın alqı-satqısına dair uzunmüddətli müqavilə “Abşeron” yatağından Türkiyəyə və potensial olaraq 16 ixrac bazarına gələcək tədarüklər üçün imkan yaradır. Tərəfdaşların yekun investisiya qərarı isə yatağın işlənməsinin növbəti mərhələsinə keçidi rəsmiləşdirir. Dəyər yaratmaq yanaşmamız yatağın işlənməsinə, nəqlə və satışa kompleks şəkildə baxılmasını nəzərdə tutur: alıcılar qarşısında öhdəliklər investisiyaların planlaşdırılmasına kömək edir, infrastruktur isə resursların həmin alıcılara çatdırılmasını təmin edir. Bu, layihə üçün konkret kommersiya zəmini yaradır. İndi əsas vəzifə kapitalın düşünülmüş şəkildə bölüşdürülməsi və tərəfdaşlarımızla birlikdə layihənin səmərəli həyata keçirilməsi yolu ilə etibarlı tədarükü təmin etməkdir”, - deyə o izah edib.

XRG-nin Azərbaycandakı fəaliyyəti: strateji prioritetlər və tərəfdaşlığa töhfə

“Biz uzunmüddətli kapital, sənaye təcrübəsi və kommersiya sahəsində ekspert bilikləri təqdim edirik. Bunu sadəcə maliyyə payına sahib olmaqla deyil, aktivlərin idarə olunmasında fəal iştirak etməklə həyata keçiririk. Praktikada bu, inkişaf prioritetlərinin müəyyənləşdirilməsi, maliyyə intizamının təmin edilməsi və satış bazarlarına çıxış üçün zəruri kommersiya mexanizmlərinin formalaşdırılması istiqamətində tərəfdaşlarla birgə işləmək deməkdir. SOCAR-ın Azərbaycanla bağlı bilikləri və “TotalEnergies”in hasilat təcrübəsi bu işdə mühüm rol oynayır, bizim töhfəmiz isə onların səriştələrini tamamlayır”, - deyə o bildirib.

Tadrosun fikrincə, Azərbaycanın və BƏƏ-nin enerji sektorlarında çalışan mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsi üçün də potensial mövcuddur.

“Yanaşmamız ümumi məqsədlərə və vəzifələrin aydın bölgüsünə əsaslanır. Bu, layihənin uzunmüddətli uğurunu təmin etmək üçün hər bir tərəfdaşın güclü tərəflərindən yararlanmağa imkan verir”, - deyə o qeyd edib.

Direktor vurğulayıb ki, Azərbaycan enerji resurslarının hasilatı sahəsində zəngin təcrübəyə malik ölkə olmaqla yanaşı, Xəzər regionu, Türkiyə və Avropa arasında strateji əlaqələndirici halqa rolunu oynayır.

“Zəngin dünya səviyyəli təbii ehtiyatlar, inkişaf etmiş infrastruktur və enerji sektorunda toplanmış təcrübə Azərbaycanı beynəlxalq qaz biznesimiz üçün prioritet istiqamətlərdən birinə çevirir. İnvestisiyalarımız Azərbaycanla BƏƏ arasında möhkəm və uzunmüddətli münasibətlərə əsaslanır. Bu münasibətlər enerji sahəsində bir-birini tamamlayan təcrübəni və resurs bazasını alıcıların tələbatı ilə əlaqələndirmək öhdəliyini birləşdirən uzunmüddətli əməkdaşlıq üçün etimad zəmini yaradır. XRG ilə birlikdə ADIPEC sərgisinin ziyarətçilərinə təqdim etmək istədiyimiz də məhz bu təcrübədir: XRG tərəfdaşları ilə birlikdə resursları, infrastrukturu və bazarları dünya üzrə birləşdirən enerji sistemlərinə necə investisiya yatırır”, - deyə o bildirib.

Cənub Qaz Dəhlizi Azərbaycanla tərəfdaşlığın mühüm hissəsidir

Tadros qeyd edib ki, XRG Cənub Qaz Dəhlizinin potensialını inkişaf etdirməyi, onu tədricən bir neçə qaz hasilatı mənbəyini birləşdirən inteqrasiya olunmuş sistemə çevirməyi planlaşdırır.

“Cənub Qaz Dəhlizi Gürcüstan və Türkiyə ərazisindən keçərək Avropaya uzanan, təxminən 3 500 kilometr uzunluğunda, artıq fəaliyyətdə olan şəbəkədir. Bu dəhliz Azərbaycan tərəfindən çoxsaylı ölkə və şirkətlərlə birgə yaradılıb. Dəhlizə yatırdığımız investisiyalar “Abşeron” layihəsində iştirakımızı tamamlayır: yataq üzrə tərəfdaşlıq resurs bazasının inkişafını təmin edir, dəhlizin iştirakçılarından ibarət şəbəkə isə satış bazarlarına çıxışa imkan yaradır. Resurs bazasını və tədarük marşrutlarını birgə qiymətləndirməklə investisiyaların hansı sahələrə yönəldilməli olduğunu və kommersiya risklərinin hansı seqmentlərdə cəmləşdiyini müəyyən edə bilirik. Azərbaycan üçün bu qarşılıqlı əlaqəlilik ölkənin formalaşmış enerji tərəfdaşı rolunu gücləndirir, investorlar və alıcılar üçün isə bazarlara çıxış investisiya qərarının bir hissəsinə çevrilir.

Beləliklə, strategiyamız Cənub Qaz Dəhlizini daha da inkişaf etdirmək və onu bir neçə hasilat mənbəyini əsas infrastruktur və son satış bazarları ilə birləşdirən inteqrasiya olunmuş sistemə çevirməkdir. Hazırda dəhliz vasitəsilə regional və Avropa bazarlarına ildə 25 milyard kubmetrdən çox qaz tədarük olunur”, - deyə o izah edib.

Tadros qeyd edib ki, Azərbaycanın töhfəsi ölkənin daxili tələbatını ödəmək və etibarlı regional təchizatçı rolunu qorumaq məqsədilə resursların işlənməsindən başlayır.

“‘Abşeron’ yatağının işlənməsinin növbəti mərhələsi Azərbaycana və Türkiyəyə qaz tədarükünü təmin etməyə yönəlib, daha geniş şəbəkə isə Avropa bazarlarına çıxış imkanı yaradır. Avropa daha geniş təchizat mənbələri seçimi ilə yanaşı, etibarlı enerji ticarətinin əsasını təşkil edən uzunmüddətli münasibətlərin üstünlüklərindən də yararlanır. Bu nəticəyə nail olmaq üçün təkcə resurslara sahib olmaq kifayət deyil; hasilatçılar, infrastruktur tərəfdaşları və alıcılar tərəfindən əlaqələndirilmiş investisiyalar tələb olunur. Bizim rolumuz kommersiya məqsədəuyğunluğuna əsaslanan investisiyalar vasitəsilə bu əməkdaşlığı dəstəkləməkdir”, - deyə direktor əlavə edib.

XRG-nin investisiya yanaşmasını fərqləndirən nədir?

“Biz özəl kapitala xas maliyyə intizamını, enerji şirkətinin sahə üzrə ekspertizasını və uzunmüddətli investisiya perspektivini birləşdiririk. Bu imkanları praktikada tətbiq etməyimizə məhz tərəfdaşlıq şərait yaradır. Yatağı təcrid olunmuş şəkildə nəzərdən keçirmək əvəzinə, tərəfdaşlarımızla birlikdə işlənmə planlarını, infrastruktura çıxış imkanlarını və alıcıların tələbatını təhlil edirik. Aktivlərin idarə olunmasında fəal iştirakımız sayəsində layihələrin necə həyata keçirilməsi, xərclərə necə nəzarət olunması və istehlakçılara gələcək tədarüklərin necə təmin edilməsi ilə bağlı qərarların qəbuluna töhfə veririk”, - deyə o bildirib.

Tadros vurğulayıb ki, XRG ayrı-ayrı aktivləri sadəcə toplamaq deyil, qarşılıqlı əlaqəli enerji sistemlərinə investisiya yatırmaq niyyətindədir.

“Bununla belə, inteqrasiya özlüyündə məqsəd deyil: hər bir investisiya kommersiya baxımından əsaslandırılmalı, bütün investisiya portfelini gücləndirməli, tərəfdaşlarımız və investorlarımız üçün uzunmüddətli dəyər yaratmalıdır. Bu yanaşma bir-biri ilə əlaqəsi olmayan ayrı-ayrı investisiyaların məcmusuna deyil, inteqrasiyaya və tərəfdaşlığa əsaslanır”, - deyə o izah edib.

Tadros vurğulayıb ki, Xəzər regionunda əldə olunan təcrübə səriştəli yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın, real inkişaf planının, zəruri infrastrukturun və alıcıların tələbatının aydın başa düşülməsinin vacibliyini təsdiqləyir.

“Digər bazarlarda resurs bazası, normativ-hüquqi tənzimləmə və kommersiya strukturları fərqlənir. Buna görə də amillərin optimal birləşməsi hər bir halda fərqli olacaq. Biz eyni sualları rəhbər tutacağıq: ev sahibi ölkə hansı məqsədlərə nail olmağa çalışır, hər bir tərəfdaş hansı töhfəni verə bilər və investisiyalar tələbatla necə əlaqələndiriləcək? Ayrı-ayrı layihələr səviyyəsində maliyyə intizamını qorumaqla miqyasını genişləndirmək mümkün olan investisiya platformalarını məhz bu yolla yaratmağa çalışırıq”, - deyə o bildirib.

Tadrosun fikrincə, uğur “Abşeron” yatağının işlənməsinin növbəti mərhələsinin təhlükəsiz və etibarlı şəkildə istismara verilməsi, eləcə də yatağın bütün istismar müddəti ərzində onun işlənməsini təmin edəcək tərəfdaşlığın qorunması demək olacaq.

“2029-cu ildə işə salınması planlaşdırılan növbəti işlənmə mərhələsinin gündəlik qaz hasilatını dörd dəfə — 150 milyon kubfutdan 600 milyon kubfuta qədər artıracağı gözlənilir. Bundan əlavə, günə təxminən 50 min barel qaz kondensatının hasilatı planlaşdırılır. Layihə Azərbaycanda və Türkiyədə istehlakçıların qazla təchizatını təmin edəcək, mövcud boru kəməri infrastrukturu isə daha geniş Avropa bazarlarına çıxış imkanı yaradacaq. Bizim üçün uğur Azərbaycanın qaz təklifinin artırılması, Türkiyə və Avropaya gələcək tədarüklərin təmin edilməsi, həmçinin tərəfdaşlarımız, müştərilərimiz və səhmdarlarımız üçün uzunmüddətli dəyərin yaradılması deməkdir”, - deyə o bildirib.

O qeyd edib ki, eyni dərəcədə mühüm nəticə investisiyanın əsasını təşkil edən səriştələrə malik azərbaycanlı, ərəb əmirliklərindən olan və beynəlxalq mütəxəssislər arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi olacaq.

“Son nəticədə uğuru həm kommersiya öhdəliklərimizin yerinə yetirilməsi, həm də Azərbaycanla BƏƏ arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində tərəfdaşlıq münasibətlərinin möhkəmliyi ilə qiymətləndirəcəyik”, - deyə o, fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti