Bakı. Trend:
Bu gün biz meydana çıxan yeni müharibələri görürük. Hər il demək olar ki, bunun şahidiyik.
Bu barədə Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Müharibələrin dayandırılması ilə bağlı Azərbaycanın təcrübəsinə toxunan dövlətimizin başçısı bildirib:
“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi. Düşmən kapitulyasiya etdikdən sonra biz bundan o tərəfə getmədik, dayandıq və sülh təklif etdik”.
Bu təcrübəyə nəzər salınmalı olduğunu və müharibə tərəflərinin bunu tədqiq etməli olduqlarını deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim qurduğumuz mövcud presedent bəzi münaqişələrin aradan qaldırılmasına da xidmət edə bilər.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.
