“PAŞA Kapital” III İslam Maliyyə Forumunda iştirak edib (FOTO)

İqtisadiyyat Xəbər 26 Oktyabr 2026 21:06 (UTC +04:00)
“PAŞA Kapital” III İslam Maliyyə Forumunda iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın kapital bazarlarının inkişafında, investisiya imkanlarının genişləndirilməsində və alternativ maliyyə alətlərinin təşviqində mühüm rol oynayan “PAŞA Kapital” İnvestisiya Şirkəti oktyabrın 22-də Bakıda keçirilən III İslam Maliyyə Forumunda (İMF’26) iştirak edib.

Forumda şirkətin Baş icraçı direktoru İsi Mustafayev açılış nitqi ilə çıxış edib, Maliyyə, İnvestisiya və Əməliyyatlar blokunun rəhbəri Özal Talıblı isə “İslam maliyyəsinin sukuk, lizinq və mikromaliyyə məhsullarının tətbiqi imkanları” mövzusunda panel müzakirəsinə qatılıb.

Tədbir çərçivəsində İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ maliyyələşmə mexanizmləri və kapital bazarlarında yeni investisiya imkanları müzakirə olunub.

Forumun rəsmi açılışında çıxış edən İsi Mustafayev İslam maliyyəsinin kapital bazarlarının inkişafında, investor bazasının genişləndirilməsində və yeni investisiya imkanlarının yaradılmasında əhəmiyyətini vurğulayıb.

“İslam maliyyəsi yalnız alternativ maliyyələşmə modeli deyil, eyni zamanda Azərbaycanın beynəlxalq, xüsusilə də Körfəz regionundan investor kapitalına çıxışını genişləndirə biləcək mühüm istiqamətdir. Sukuk kimi alternativ maliyyə alətlərinin tətbiqi ölkəmizin kapital bazarları üçün yeni imkanlar yarada bilər. “PAŞA Kapital” olaraq yeni maliyyə alətlərinin yerli bazara gətirilməsini, investorlar üçün alternativ imkanların yaradılmasını və bu sahədə beynəlxalq təcrübənin tətbiqini vacib hesab edirik”, – deyə İsi Mustafayev bildirib.

Panel müzakirəsində çıxış edən Özal Talıblı isə Azərbaycanda İslam maliyyəsinin tətbiqi üçün ən perspektivli sahələrdən birinin lizinq sektoru olduğunu diqqətə çatdırıb.

“Azərbaycanda İslam maliyyəsinin tətbiqi baxımından lizinq sektoru böyük potensiala malikdir. Mövcud lizinq praktikasında istifadə olunan icarə müqavilələri, aktivlərin qeydiyyatı, sığorta və girov mexanizmləri İslam maliyyəsi alətlərinin tətbiqini asanlaşdıra bilər. Bunun üçün müvafiq hüquqi və tənzimləyici bazanın formalaşdırılması mühüm əhəmiyyət daşıyır”, – deyə Özal Talıblı qeyd edib.

Qlobal sukuk bazarının dinamik inkişafına da toxunan Özal Talıblı Azərbaycanın yaşıl maliyyə və dayanıqlı inkişaf prioritetləri nəzərə alınmaqla, ölkədə ilk sukuk emissiyasının yaşıl sukuk formatında həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.

“İlk sukuk emissiyasının yaşıl sukuk formatında həyata keçirilməsi Azərbaycan üçün perspektivli istiqamət ola bilər. “PAŞA Kapital” olaraq sukuk alətlərinin yerli bazarda tətbiqi və Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində fəal iş aparırıq”, – deyə o əlavə edib.

“PAŞA Kapital” İnvestisiya Şirkətinin məhsul və xidmətləri, eləcə də fəaliyyəti haqqında daha ətraflı məlumat almaq üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.

Xəbər lenti

Xəbər lenti