Bakı. Trend:
Azərbaycan və Niderland arasında siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və müxtəlif sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Niderland Krallığının ölkəmizdə səfərdə olan xarici işlər naziri Tom Berendsen ilə görüşünə dair Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat məlumatında bildirilib.
Görüşdə iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, gəmiqayırma, innovasiya və humanitar sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
C.Bayramov 2027-ci ildə Azərbaycan və Niderland arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını xatırladaraq, mövcud əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsində qarşılıqlı marağın olduğunu vurğulayıb.
Yüksək səviyyəli təmasların və iki ölkənin xarici işlər nazirlikləri arasında müntəzəm siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərin inkişafındakı əhəmiyyəti qeyd olunub. Həmçinin parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və müqavilə-hüquq bazasının təkmilləşdirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026–2028-ci illər üçün Yol Xəritəsinin qəbul edilməsi müsbət qiymətləndirilib. Sənədin siyasi dialoqun dərinləşdirilməsi və müxtəlif sahələrdə praktiki əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Tərəflər qarşılıqlı investisiyaların təşviqi, yeni yaradılmış Azərbaycan-Niderland Ticarət Palatasının imkanlarından səmərəli istifadə, biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.
Azərbaycanın Orta Dəhliz çərçivəsində artan rolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının yaratdığı imkanlar barədə məlumat verilib.
Təhsil, akademik və elmi əməkdaşlığın genişləndirilməsi, ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı, təlim proqramlarının təşkili, eləcə də mədəni-humanitar sahədə birgə təşəbbüslərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüş zamanı Azərbaycan və Niderlandın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı, habelə regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Regional vəziyyətə dair müzakirələrdə C.Bayramov həmkarını Cənubi Qafqazdakı vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlar və sülh prosesi barədə məlumatlandırıb.
Azərbaycanın xarici işlər naziri paraflanmış sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Mina təhlükəsinin yaratdığı humanitar problemlərə də toxunulub. Minaların insan həyatı üçün davam edən təhdidinin, eləcə də bərpa işlərinə və keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələrin aradan qaldırılmasının vacibliyi qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
