Bakı.Trend:
Özbəkistan və Azərbaycan çoxəsrlik ortaq tarixi, intellektual və mənəvi irsə əsaslanaraq mədəni və elmi əməkdaşlığı möhkəmləndirir. Bunu Daşkənddəki İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxalikov Bakıda keçirilən tədbirdə bildirib.
Trend-in müxbiri xəbər verir ki, İslam Sivilizasiyası Mərkəzinin təqdimatında və beynəlxalq elmi konfransda çıxış edən Abduxalikov iki xalq arasında İslamdan əvvəlki dövrlərə gedib çıxan tarixi əlaqələri vurğulayıb. O qeyd edib ki, bu əlaqələr İslam elmi, astronomiya və ədəbiyyat sayəsində daha da inkişaf edib.
Abdulxalikov Mərkəzə baş çəkmiş Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsü yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb.
Abduxalikovun sözlərinə görə, bu dəyərlər özbək və Azərbaycan xalqlarını birləşdirən ortaq prinsipləri əks etdirir. O, ikitərəfli əlaqələrin qədim köklərinə də diqqət çəkərək “Avesta” və zərdüştilik irsi ilə bağlı “Xeyirli düşüncələr, xeyirli sözlər, xeyirli əməllər” etik prinsiplərinin bu gün də insanlara ilham verdiyini bildirib.
Bakının məşhur Atəşgah məbəd kompleksinə səfərini xatırladan Abduxalikov qeyd edib ki, bu tarixi məkan iki xalqın mənəvi və mədəni köklərinin ortaq olduğunu bir daha hiss etməyə imkan verib.
“Sonrakı əsrlərdə İslam sivilizasiyası bu əlaqələri daha da zənginləşdirib”, — deyə o bildirib və əsrlər boyu alimlərin bilik, əlyazma və ideya mübadiləsi apardıqlarını vurğulayıb.
Abduxalikov buna misal olaraq İbn Sina ilə onun azərbaycanlı tələbəsi Bəhmənyar arasındakı əlaqələri göstərib. Onun sözlərinə görə, Bəhmənyar müəlliminin elmi ənənəsini davam etdirib.
O bildirib ki, Bəhmənyarın “Ət-Təhsil” əsərinin əlyazma nüsxəsi Daşkənddə saxlanılır.
Abduxalikov həmçinin Marağada Nəsirəddin Tusinin rəhbərlik etdiyi elmi məktəblə Səmərqənddə Mirzə Uluqbəyin elmi mərkəzi arasındakı əlaqələrə diqqət çəkib. Onun sözlərinə görə, Marağada formalaşan astronomiya ənənələri yeni müşahidələr, hesablamalar və ulduz kataloqlarının tərtibi sayəsində Səmərqənddə daha da inkişaf etdirilib.
Abduxalikovun fikrincə, iki xalq arasındakı intellektual əlaqələrin digər nümunəsi ədəbi irsdir. Nizami Gəncəvinin “Xəmsə”si özbək şairi Əlişir Nəvaini türk dilində öz “Xəmsə”sini yaratmağa ruhlandırıb. Nəvainin əsərləri isə öz növbəsində Azərbaycan şairi Kişvərinin yaradıcılığına təsir göstərib.
O qeyd edib ki, Daşkənddə Əlişir Nəvainin və Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərinin bir cilddə toplandığı əlyazma saxlanılır. Onun sözlərinə görə, bu, iki mədəniyyət arasında ədəbi əlaqələrin əyani nümunəsidir.
Abduxalikov Bakıda yerləşən tarixi “Buxara” karvansarasına da diqqət çəkərək onun iki xalq arasında çoxəsrlik əlaqələrin göstəricisi olduğunu bildirib.
Onun sözlərinə görə, Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevlə Buxara əmiri Seyid Əbdüləhəd xanın dostluğu da bu əlaqələrin parlaq nümunəsidir. Hər iki şəxs Sankt-Peterburqda Cümə məscidinin tikintisinə maliyyə dəstəyi göstərib, əmirin oğlu Seyid Alim xan isə bu layihəyə dəstəyi davam etdirib.
“Buxara və Bakının səxavəti Sankt-Peterburqda bir günbəz altında birləşib”, — deyə Abduxalikov bildirib və onların xeyriyyəçilik fəaliyyətinin bu gün də öz əhəmiyyətini qoruduğunu vurğulayıb.
O əlavə edib ki, Azərbaycan Milli Tarix Muzeyində Buxara əmiri tərəfindən Tağıyevə hədiyyə edilmiş əşyalar saxlanılır. Bu əşyalar da onların dostluğunun sübutudur.
Abduxalikovun sözlərinə görə, Özbəkistan və Azərbaycanın muzeyləri və elmi müəssisələri arasında birgə tədqiqatlar yeni tarixi sənədlərin və artefaktların aşkar edilməsinə, eləcə də iki xalqın ortaq irsinin daha geniş auditoriyaya təqdim olunmasına kömək edə bilər.
Müasir dövrdə ikitərəfli münasibətlərdən danışan Abduxalikov qeyd edib ki, tarixi yaxınlıq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı etimada əsaslanan münasibətləri və praktiki təşəbbüsləri sayəsində daha da möhkəmlənir.
O, buna misal olaraq iki dövlət başçısının Azərbaycanın Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəbin açılışında birgə iştirakını göstərib. Onun sözlərinə görə, təhsil müəssisəsinin Uluqbəyin adını daşıması, şəhərin isə görkəmli şair Füzulinin şərəfinə adlandırılması xüsusi rəmzi məna daşıyır.
“Beləliklə, tarix müasirliklə qovuşur”, — deyə Abduxalikov bildirib. O əlavə edib ki, görkəmli tarixi şəxsiyyətlərin irsi gənc nəsli bilik əldə etməyə və elmi nailiyyətlər qazanmağa ruhlandıra bilər.
Abduxalikov vurğulayıb ki, ortaq tarixi irsin qorunması və birgə öyrənilməsi Özbəkistanla Azərbaycan arasında mədəni, təhsil və elmi əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.
