Bakı. Trend:
Avstriyanın Azərbaycandakı səfirliyi ölkənin Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edib.
Tədbirdə Avstriyanın Azərbaycandakı səfiri Etien Berxtold və Azərbaycan Xarici İşlər Nazirliyinin Çoxtərəfli iqtisadi məsələlər idarəsinin rəisi Nərgiz Qurbanova çıxış ediblər.
E. Berxtold bildirib ki, Avstriya şirkətlərinin Azərbaycandakı mövcudluğunu genişləndirmək və ikitərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Onun sözlərinə görə, ölkələr arasında münasibətlər etimad, tərəfdaşlıq və ortaq dəyərlər üzərində qurulub.
“Bu ildən etibarən Azərbaycandan qaz alırıq. Bu, Avstriyanın və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir”, – deyə səfir qeyd edib.
O, həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlıq perspektivlərini, eləcə də Avstriya şirkətlərinin dəmir yolu infrastrukturunun inkişafında və texnologiyaların tətbiqində iştirak imkanlarını vurğulayıb.
E. Berxtoldun sözlərinə görə, cari ilin birinci yarısında Azərbaycana təxminən 2 min Avstriya vətəndaşı səfər edib.
Öz növbəsində, N. Qurbanova bildirib ki, Azərbaycan və Avstriya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti raundu noyabr ayında Bakıda keçiriləcək.
Tərəflər ikitərəfli gündəliyi və gələcək əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.
O, həmçinin Azərbaycanın Avstriyaya təbii qaz tədarükünə başladığını qeyd edib. Beləliklə, Azərbaycandan qaz alan Avropa İttifaqına üzv ölkələrin sayı 10-a çatıb.
N. Qurbanovanın sözlərinə görə, Avstriyanın sənaye və yüksək texnologiyalar sahəsində təcrübəsi, eləcə də Azərbaycanın nəqliyyat-logistika imkanları iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər yaradır.
