Bakı. Trend:
Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan
Hacızadənin Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki
Nusseibehin Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə
namizədliyinin irəli sürməsi ilə bağlı medianın sualına cavabında
bildirilib.
Qeyd edilib ki, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə,
diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında
konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT
Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini
vurğulayır.
"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir
çağırışlara çevik reaksiya verən Birləşmiş Millətlər Təşkilatının
formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq", - Ayxan
Hacızadə bildirib.
Xatırladaq ki, Lana Zəki Nusseibeh Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri, təcrübəli diplomat və ölkəsinin BMT-də sabiq daimi nümayəndəsidir. O, 2013–2024-cü illərdə BƏƏ-nin BMT-də daimi nümayəndəsi vəzifəsində çalışıb.
Diplomatik fəaliyyəti dövründə BMT Baş Assambleyasının vitse-prezidenti, BMT-nin Qadınlar üzrə İcraiyyə Şurasının prezidenti olub. BƏƏ-nin 2022–2023-cü illərdə BMT Təhlükəsizlik Şurasına üzvlüyü zamanı isə iki dəfə Şuraya sədrlik edib.
