Azərbaycanda əhalinin rəqəmsal savadlılığının 2030-cu ilədək 70%-ə çatdırılması hədəflənir - İRİA

İqtisadiyyat Xəbər 27 Oktyabr 2026 10:34 (UTC +04:00)
Azərbaycanda əhalinin rəqəmsal savadlılığının 2030-cu ilədək 70%-ə çatdırılması hədəflənir - İRİA
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda əhalinin rəqəmsal savadlılıq səviyyəsinin 2030-cu ilədək 70 faizə çatdırılması hədəflənir.

Trend-in sessiyada iştirak edən müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova çərşənbə axşamı Bakıda keçirilən “Rəqəmsal bacarıqlar: bu günün nəticələri, sabahın imkanları” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, ölkənin rəqəmsal inkişaf göstəricilərinin beynəlxalq reytinqlərdə yaxşılaşdırılması əsas prioritetlərdən biridir. Rəqəmsal cəmiyyətin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmləndirilməsinə imkan yaradır.

V.Qurbanova bildirib ki, Azərbaycan bu il Qlobal İnnovasiya İndeksində mövqeyini yaxşılaşdıraraq 94-cü yerdən 85-ci yerə yüksəlib. Beləliklə, ölkə 139 dövlət arasında 9 pillə irəliləyib.

“Əsas məqsədimiz rəqəmsal cəmiyyəti yaratmaqla, rəqəmsal iqtisadiyyatımızı inkişaf etdirməklə beynəlxalq reytinqlərdə öz mövqeyimizi möhkəmlətməkdir”, – deyə o vurğulayıb.

Departament rəhbəri qeyd edib ki, son illərdə bu istiqamətdə görülən işlərin intensivləşdirilməsi Azərbaycanın beynəlxalq reytinqlərdə irəliləməsinə töhfə verib. O, növbəti ildə də ölkənin Qlobal İnnovasiya İndeksində mövqeyinin yaxşılaşacağına ümid etdiyini bildirib.

V.Qurbanovanın sözlərinə görə, Azərbaycan Elektron Dövlət İnkişaf İndeksində 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bu göstəricilərin yaxşılaşdırılması üçün rəqəmsal xidmətlərin genişləndirilməsi və əhalinin rəqəmsal bacarıqlarının artırılması mühüm əhəmiyyət daşıyır.

O, həmçinin ölkədə rəqəmsal savadlılığın mövcud səviyyəsinə toxunaraq bildirib ki, İRİA-nın 2023–2024-cü illərdə apardığı qiymətləndirməyə əsasən, əhalinin rəqəmsal savadlılıq səviyyəsi 25 faiz təşkil edib. Qiymətləndirmə ev təsərrüfatlarından tutmuş şagirdləri, tələbələri, müəllimləri və digər əhali qruplarını əhatə edib. Təhlil Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) iştirakı ilə aparılıb.

“2030-cu ilədək əhalinin rəqəmsal savadlılığını 70 faizə çatdırmağı hədəfləyirik”, – deyə V.Qurbanova qeyd edib.

O vurğulayıb ki, bu hədəfə nail olmaq üçün rəqəmsal bacarıqların inkişafı üzrə təşəbbüslərin genişləndirilməsi, əhalinin müxtəlif qruplarının müasir texnologiyalardan istifadə imkanlarının artırılması və rəqəmsal biliklərin gündəlik həyata inteqrasiyası vacibdir.

Departament rəhbərinin sözlərinə görə, rəqəmsal savadlılığın artırılması təkcə texnologiyalardan istifadə bacarığının inkişafı deyil, həm də rəqəmsal iqtisadiyyatın genişlənməsi və ölkənin beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti