Sökülən sənədsiz evlərə görə kompensasiya veriləcəkmi? - TƏKLİF

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 12:45 (UTC +04:00)
Sökülən sənədsiz evlərə görə kompensasiya veriləcəkmi? - TƏKLİF
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Söküntüyə məruz qalan mülkiyyətçilərə kompensasiyanın hesablanması, yeni mənzillərin verilməsi, sənədsiz tikililərin hüquqi vəziyyəti və tikinti layihələrinin ləngiməsinin qarşısının alınması üçün vahid, şəffaf hüquqi mexanizmlər hazırlanmalıdır.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, təqdim olunan qanun layihəsi Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutur. Dövlət əhəmiyyətli yollarla yanaşı, tunellər, o cümlədən metro xətləri, magistral neft və qaz kəmərləri, yüksək gərginlikli elektrik şəbəkələri, kanalizasiya və digər hidrotexniki qurğular, dəmir yolu və tramvay xətləri layihənin təsir dairəsinə daxil edilir.

Deputatın sözlərinə görə, dövlət ehtiyacları üçün torpaqların qanunla alınması ilə özəl investorların yaşayış və digər təyinatlı tikililər inşa etməsi prosesləri üzrə də vahid qaydalara ehtiyac var.

Z.Oruc qeyd edib ki, Konstitusiya Məhkəməsi mülkiyyətin özgəninkiləşdirilməsi sahəsində qanunvericilikdəki boşluqların və qaydaların qeyri-müəyyənliyinin əsassız yüksək kompensasiya tələblərinə, mülkiyyətçilərin hüquqlarının pozulmasına və nəticədə tikintinin uzanmasına səbəb olduğunu bildirib. Məhkəmə qaydaların təkmilləşdirilməsi ilə bağlı təkliflərini Milli Məclisə göndərib.

Deputat vurğulayıb ki, dövlət və ya özəl şirkətlər hər hansı ərazidə onlarla ailə ilə razılığa gələrək mənzil və kirayə öhdəlikləri götürür, layihələndirməyə, köçürülməyə, avadanlıqlara və kredit faizlərinə milyonlarla manat vəsait xərcləyirlər. Lakin bir və ya iki mülkiyyətçi ilə illərlə razılığın əldə olunmaması nəticəsində tikintinin başlaya bilməməsi probleminin həlli vacibdir.

O bildirib ki, Bakı şəhərinin Baş Planında 2040-cı ilə qədər mənzil və tikinti fondunun əsaslı yenilənməsi nəzərdə tutulur. Bununla belə, kompensasiya məbləğlərinin hesablanması və əvəzləşdirmə qaydalarındakı boşluqlar süni maneələr yaradır.

Z.Oruc bu problemlərin həlli üçün bir sıra təkliflər irəli sürüb.

İlk növbədə, söküntüyə məruz qalan mülkiyyətçilərə kompensasiyanın hesablanması üzrə vahid qaydaların yaradılmasının və ictimaiyyət üçün açıq meyarların hazırlanmasının vacib olduğunu bildirib. Onun fikrincə, Nazirlər Kabineti qiymətləndirmə şkalasını, bazar qiymətlərindən istifadə qaydasını, ərazilər üzrə diferensial tarifləri, inflyasiya və tikinti xərcləri dəyişdikdə qiymətləndirmənin yenilənməsi mexanizmini müəyyən edə bilər.

Deputatın ikinci təklifi sökülən ev və obyektlərin əvəzinə verilən sahənin ölçüsünün dəqiq tənzimlənməsi ilə bağlıdır. Onun sözlərinə görə, əvəzində 20 faiz artıq sahə verilməsi, otaq sayının eyni olması və ya ümumi sahənin qorunması kimi fərqli yanaşmalar çoxsaylı münaqişələrə səbəb olur, subyektiv qərarlar isə razılaşma müqavilələrinin bağlanmasını ləngidir.

O hesab edir ki, Şəhərsalma və Tikinti Məcəlləsi, mənzil və mülki qanunvericiliklə uzlaşdırılmaqla sahənin hesablanması, yaşayış və qeyri-yaşayış sahələrinin fərqi, yeni mənzilin keyfiyyəti, təhvil müddəti və gecikməyə görə məsuliyyətlə bağlı minimum təminatlar müəyyən edilməlidir.

“Ədalətli qayda həm əsassız tələbə, həm də şirkətlərin özbaşına şərtləri diktə etməsinə mane olar”, – deyə Z.Oruc bildirib.

Deputat üçüncü məsələ kimi əmlakın faktiki sahəsinin ölçülməsi qaydalarının dəqiqləşdirilməsini göstərib. O qeyd edib ki, balkon, zirzəmi, yardımçı otaq, eyvan, hasar, sonradan artırılmış hissə, yüngül konstruksiya və kommersiya obyektlərinin hüquqi və texniki statusu fərqlidir.

Bu baxımdan, dövlət tərəfindən akkreditə olunmuş müstəqil ölçmə və qiymətləndirmə mexanizminin yaradılmasını, fotoşəkillərin və elektron aktın rəsmiləşdirilməsi qaydasının müəyyən edilməsini vacib sayıb.

Z.Orucun sözlərinə görə, söküntü elanından sonra kompensasiyanı artırmaq məqsədilə qanunsuz tikilmiş sahələrlə onilliklər ərzində mövcud olmuş və dövlətin tanıdığı faktiki yaşayış şəraiti eyni qaydada qiymətləndirilə bilməz.

Deputatın dördüncü təklifi daşınmaz əmlak üzərində hüququ dövlət qeydiyyatına alınmamış əmlakların vəziyyətinin tənzimlənməsidir. O bildirib ki, sənədsiz tikililər bir neçə qrupa ayrıla bilər: qeydiyyatı texniki səbəblərdən tamamlanmamış, hüquqi əsası olan istifadə halları; dövlətin uzun müddət sərt tədbirlər görmədiyi faktiki məskunlaşma; yeni yaranmış qanunsuz zəbt halları.

Onun fikrincə, bu məsələlərdə mülkiyyət hüququ, qanuni gözlənti və sosial köçürülmə yardımı bir-birindən fərqləndirilməlidir.

Beşinci məsələ tikinti yarımçıq qaldıqda tərəflər arasında əldə edilmiş razılaşmanın gələcək taleyi ilə bağlıdır. Z.Oruc qeyd edib ki, böyük layihələrdə iştirak edən dövlət qurumlarının nəzarət və məlumatlandırma öhdəlikləri Azərbaycan Prezidentinin müvafiq aktı və ya qanunla müəyyən edilərsə, bu öhdəliklər aydın şəkildə təsbit oluna bilər.

Deputat tikintinin tamamlanmasına təminat vermək üçün bank zəmanəti, sığorta və ya digər maliyyə mexanizmlərinin məcburi tətbiqinin vacibliyini vurğulayıb.

Altıncı təklif söküntü və köçürülmə müddətlərinin müəyyənləşdirilməsidir. O bildirib ki, tikinti icazəsi alındıqda, müqavilə təklifləri və qiymətləndirmə yekunlaşdıqda razılaşma üçün ağlabatan və əvvəlcədən məlum olan müddət, bundan sonra isə məcburi mediasiya və sürətləndirilmiş məhkəmə baxışı mərhələsi nəzərdə tutula bilər.

“Etiraz edən sakinin haqlı çıxması ehtimalını qoruduğumuz qədər, razılaşıb illərlə gözləyən qonşunun haqqını da qorumalıyıq”, – deyə deputat bildirib.

Z.Orucun yeddinci təklifi evin və ya obyektin dəyəri ilə onun yerləşdiyi torpağın dəyərinin hesablanması qaydalarının dəqiqləşdirilməsidir. O qeyd edib ki, bəzi hallarda eyni iqtisadi dəyərin həm tikili, həm də tikilinin altında yerləşən torpaq sahəsi adı ilə iki dəfə ödənilməsi tələb olunur. Bunun qarşısını almaq üçün şəffaf qiymətləndirmə qaydası müəyyən edilməlidir.

Deputat beynəlxalq təcrübəyə də diqqət çəkib. O bildirib ki, Almaniyada mülkiyyətin alınmasına görə bazar dəyəri və digər əmlak itkilərinin əvəzi ayrıca nəzərə alınır. İngiltərənin məcburi satınalma qaydalarında da əmlakın bazar qiyməti ilə yanaşı, köçürülmə xərcləri, biznesə dəyən zərər və məcburi köçürülmənin yaratdığı itkilər ayrıca qiymətləndirilir.

Z.Oruc təklif edib ki, hökumət yeni hüquqi tənzimləmə qaydalarının hazırlanmasına aidiyyəti dövlət qurumlarını, Bakı Şəhər İcra Hakimiyyətini, Ombudsman təsisatını, məhkəmə və qiymətləndirmə mütəxəssislərini, tikinti assosiasiyalarını, Mediasiya Şurasını və sakinlərin nümayəndələrini cəlb edə bilər.

Deputat qanun layihəsinin nəqliyyat infrastrukturunun inkişafına müsbət təsir edəcəyinə inandığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti