Rəqəmsal mühitdə mədəniyyətlərarası səriştənin inkişafı insan amilinə əsaslanmalıdır - Darla Deardorff

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 13:00 (UTC +04:00)
Rəqəmsal mühitdə mədəniyyətlərarası səriştənin inkişafı insan amilinə əsaslanmalıdır - Darla Deardorff
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Mədəniyyətlərarası səriştə yalnız müxtəlif dilləri bilmək, fərqli ölkələrdə yaşamaq və ya texniki bacarıqlara yiyələnməkdən ibarət deyil. Bu, insanların gündəlik həyatında və bir-biri ilə münasibətlərində daim tətbiq edilməli olan bacarıqdır.

Trend-in müxbiri xəbər verir ki, bunu UNESCO-nun Stellenboş Universitetində Mədəniyyətlərarası Kompetensiya üzrə kafedrasının rəhbəri Darla Deardorff çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası rəqəmsal gələcək: Rəqəmsallaşma və süni intellekt dövrünə qədəm qoyan cəmiyyətlər üçün mədəniyyətlərarası rəqəmsal səriştə” mövzusunda müzakirədə deyib.

Onun sözlərinə görə, mədəniyyətlərarası səriştənin əsasını insanların bir-birini anlaması, qarşılıqlı hörmət və humanist yanaşma təşkil edir.

“Mədəniyyətlərarası səriştə yalnız bilik mübadiləsi, müxtəlif dillərdə danışmaq, fərqli ölkələrdə yaşamaq və ya müəyyən təlim proqramında iştirak etməklə məhdudlaşmır. Bu, bizim kim olduğumuz, dünyada necə davrandığımız və digər insanlarla necə əlaqə qurduğumuzla bağlıdır”, – deyə o bildirib.

D.Deardorff qeyd edib ki, həm rəqəmsal, həm də birbaşa ünsiyyətdə mədəniyyətlərarası səriştənin beş əsas istiqaməti xüsusi əhəmiyyət daşıyır.

“Birinci istiqamət qarşımızdakı insanı həqiqətən anlamaq üçün dinləməkdir. İnsanlar çox vaxt qarşı tərəfi başa düşmək əvəzinə, ona necə cavab verəcəklərini və ya deyilənləri necə qiymətləndirəcəklərini düşünürlər. Halbuki diqqətimizi özümüzə deyil, ünsiyyətdə olduğumuz insana yönəltməliyik”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, ikinci mühüm istiqamət hadisələrə fərqli baxış bucaqlarından yanaşmaq və digər insanların dünyagörüşünü anlamaqdır.

“Üçüncü istiqamət öz baxışlarımızı və fərziyyələrimizi tənqidi qiymətləndirmək bacarığıdır. Xüsusilə rəqəmsal mühitdə kimin mövqeyinin təqdim olunduğunu, hansı biliklərə üstünlük verildiyini və kimin səsinin eşidilmədiyini sorğulamalıyıq. Eyni zamanda, öz qərəzli yanaşmalarımızı da nəzərdən keçirməliyik”, – deyə D.Deardorff bildirib.

O əlavə edib ki, dördüncü əsas istiqamət empatiya və insan mərkəzli yanaşmanın qorunmasıdır. Onun fikrincə, rəqəmsal ünsiyyət texnologiyalar və ekranlar vasitəsilə həyata keçirilsə belə, insan amili daim diqqət mərkəzində saxlanılmalıdır.

“Beşinci istiqamət isə dəyişən şəraitə uyğunlaşmaq, qarşılıqlı münasibətlərdə davranışlarımızı tənzimləmək və xüsusilə onlayn mühitdə yaranan mənfi nəticələri aradan qaldırmaq bacarığıdır”, – deyə ekspert vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti