Bakı. Trend:
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni tərkibdə fəaliyyətə başlayan İdarə Heyətinin ilk iclası keçirilib.
Qurumdan verilən məlumata görə, oktyabrın 23-də keçirilən iclasda İdarə Heyətinin yeni üzvləri bir araya gələrək Azərbaycan kinosunun aktual problemlərini, ittifaqın gələcək fəaliyyətini və qarşıda duran vəzifələri müzakirə ediblər.
İclası giriş sözü ilə açan Şəfiqə Məmmədova yeni üzvləri təbrik edərək, ittifaqın yeni nizamnaməyə uyğun fəaliyyətini davam etdirəcəyini bildirib. O, yeni komissiyaların yaradılması, dünyasını dəyişmiş kinematoqrafçıların xatirəsinin yaşadılması, maddi çətinliklərlə üzləşən kino xadimlərinin sosial təminatının yaxşılaşdırılması və gənc kinematoqrafçılara dəstək göstərilməsinin əsas istiqamətlər arasında olacağını vurğulayıb.
İclasda İdarə Heyətinin üzvləri ittifaqın fəaliyyətinin təkmilləşdirilməsi, kadr seçimində peşəkarlığın əsas götürülməsi və Azərbaycan kinosunun mövcud problemlərinin həlli ilə bağlı təkliflərini səsləndiriblər.
Görüntülərdə diqqətçəkən məqamlardan biri yenidən sədr seçilmiş Xalq artisti Şəfiqə Məmmədova ilə 11 sentyabrda Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) keçirilən sədr seçkilərində rəqib namizəd kimi iştirak edən Həmidə Ömərovanın eyni masa ətrafında əyləşməsi olub.
Qeyd edək ki, Ədliyyə Nazirliyi oktyabrın 1-də Şəfiqə Məmmədovanın AKİ sədri və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiqləyib.
