Bakıda turizmin sülhün qurulmasında və icmaların inkişafında rolu müzakirə olunub (FOTO)

İqtisadiyyat Xəbər 27 Oktyabr 2026 16:48 (UTC +04:00)
Bakıda turizmin sülhün qurulmasında və icmaların inkişafında rolu müzakirə olunub (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək üçün turizm: inklüzivlik, bərabərlik və icmaların liderliyi sülhün qurulmasına necə töhfə verir” mövzusunda panel sessiyası keçirilib.

Trend-in müxbiri xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizmdə iqlim fəaliyyətinin gücləndirilməsinə dair Bakı Bəyannaməsinin emissiyaların azaldılması və iqlim dəyişikliyinə uyğunlaşma məqsədləri ətrafında dövlətləri və qeyri-dövlət aktorlarını bir araya gətirdiyini bildirib.

O xatırladıb ki, Azərbaycanın ev sahibliyi ilə 2024-cü ildə keçirilən COP29 çərçivəsində Dövlət Turizm Agentliyi, BMT Turizm təşkilatı və COP29 sədrliyinin birgə təşkilatçılığı ilə Turizm Günü təşkil olunub. BMT-nin iqlim konfransı çərçivəsində ilk dəfə keçirilən bu tədbir turizmin iqlim dəyişikliyi ilə mübarizədə roluna diqqəti artırıb.

Dövlət Turizm Agentliyinin Mədəni irs şöbəsinin Mədəni irsin inkişafı bölməsinin müdiri Leyla Musayeva Xınalıqda turizmin inkişafının yerli qadınların sənətkarlıq və digər turizm fəaliyyətlərində iştirakına imkanları genişləndirdiyini deyib.

Onun sözlərinə görə, Xınalıq 2007-ci ildə Prezidentin sərəncamı ilə dövlət qoruğu elan olunub. 2021–2024-cü illərdə kənddə həyata keçirilən bərpa və konservasiya işləri, həmçinin ərazinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi mədəni irsin qorunmasına töhfə verib. Leyla Musayeva yerli ənənələrin və dilin yaşadılmasının, gənc nəslin mədəni irsə bağlılığının gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

“Gazelle Safari Company” və “Gazelle Hospitality” şirkətlərinin, eləcə də “Women in Hospitality Uganda” təşkilatının təsisçisi, uqandalı sahibkar Enn Kalembe ölkəsinin turizmi iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi müəyyən etdiyini söyləyib.

O qeyd edib ki, Uqanda 2040-cı ilədək iqtisadiyyatını 10 dəfə böyütməyi, kənd təsərrüfatı, turizm, mineral ehtiyatlar, elm və texnologiya daxil olmaqla, beş prioritet sahəni inkişaf etdirməyi planlaşdırır. Enn Kalembe turizm sektorunda təxminən 1 milyon iş yerinin yaradıldığını da diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti