AQEM-də Azərbaycanın sədrliyi insanmərkəzli yanaşmanı gücləndirib

Siyasət Xəbər 27 Oktyabr 2026 16:39 (UTC +04:00)
AQEM-də Azərbaycanın sədrliyi insanmərkəzli yanaşmanı gücləndirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

2024-cü ildən etibarən AQEM-ə sədrlik edən Azərbaycan təşkilatda insanmərkəzli yanaşmanı gücləndirib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə AQEM Baş katibinin müavini Zhang Li çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar” adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən yeddinci AQEM Sammiti çərçivəsində üzv dövlətlər Asiyada inamın, əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi istiqamətində güclü əzmkarlıq nümayiş etdiriblər.

“Sammitin yekununda Bakı Bəyannaməsi qəbul olunub və dövlətlər bu istiqamətdəki öhdəliklərini bir daha təsdiqləyiblər. Təşkilatın təhlükəsizlik strategiyası sülh və sabitliyin təkcə hərbi razılaşmalarla deyil, hərtərəfli yanaşma və xalqlar arasındakı qarşılıqlı anlaşma ilə mümkün olduğunu əsas götürür. Bu istiqamətdə mədəni dialoq və insan ölçüsü AQEM-in fəaliyyətində mərkəzi rol oynayır”,- deyə o bildirib.

Z.Li əlavə edib ki, uzunmüddətli sülh və dayanıqlı təhlükəsizlik xalqlar arasında qarşılıqlı anlaşmaya əsaslanır.

“Buna görə də, bu prosesdə mədəni dialoq mühüm rol oynaya və xalqlar arasında anlaşma və etimadın gücləndirilməsinə əhəmiyyətli töhfə verə bilər”,- deyə o vurğulayıb.

Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.

Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.

Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti