Bakı.Trend:
2022-ci ildə müxtəlif ölkələrdən olan nümayəndələr Ağdama səfər etdilər. Bu səfər işğaldan azad olunmuş ərazilərə gələn ilk beynəlxalq təşkilat missiyası olub. Nümayəndə heyəti bölgədəki ağır dağıntıların şahidi olub, minalı təhlükəli ərazilərdə təhlükəsizlik qaydalarını izləyərək müşahidələr aparıblar.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə İSESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: SECURE ilə ortaq gələcəyə etibarlı yollar” adlı panel sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən gələn 7-8 nəfərlik heyət əraziləri yaxından araşdırdıqdan sonra xüsusi hesabatlar hazırlayıb.
“Bu hesabatların gələcəkdə beynəlxalq məhkəmələr və hüquqi platformalar üçün dəyərli sənəd ola biləcəyini vurğulanıb.
O zamandan bəri həmin nümayəndə heyəti Ağdama, Ağdam ətrafına və Şuşaya ümumilikdə 7 dəfə səfər edib. Şuşanın illər içində keçdiyi inkişaf yolu və bərpa prosesi heyət tərəfindən heyranlıqla qarşılanıb”,- deyə o əlavə edib.
Baş direktor vurğulayıb ki, azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərini, eləcə də Azərbaycanın dərin mədəniyyətini əks etdirən irs abidələrinin qorunmasını yüksək qiymətləndirən qonaqlar ölkə rəhbərliyinin və xalqının bu səylərini qürurla qarşıladıqlarını bildiriblər.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.
