Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə hər bir mədəni irs obyekti xüsusi yanaşma tələb edir və onların bərpası zamanı müxtəlif üsullardan istifadə oluna bilər.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çərşənbə axşamı VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, mədəni irsin bərpasına yönəlmiş yeddi mərhələdən ibarət xüsusi yanaşma əvvəlki forumlarda Azərbaycan tərəfindən təklif olunub. Xüsusi nümayəndənin sözlərinə görə, bu forumda həmin yanaşma barədə daha praktiki şəkildə danışmaq mümkündür, çünki işğaldan azad olunmuş ərazilərdə onun nümunələri var.
“Artıq bir sıra mədəni-tarixi abidələrimizi, mədəni irs nümunələrimizi bərpa etmişik. Bəzilərində xüsusi yanaşmalar tətbiq olunub və bu yanaşmalar digər ölkələr üçün maraqlı ola bilər”, – deyə o qeyd edib.
E. Hüseynov vurğulayıb ki, mədəni irs obyektlərinə münasibətdə konservasiya, əvvəlki vəziyyətinə qaytarma və ya müəyyən xüsusiyyətləri saxlanılmaqla yeni elementlərlə bərpa kimi üsullardan istifadə oluna bilər. Hansı yanaşmanın seçilməsi isə hər bir halda ayrıca təhlil edilir.
O əlavə edib ki, mədəni irsin bərpası Böyük Qayıdış qədər vacibdir və bu proses insanların öz yurdlarına qayıdışı ilə yanaşı, sosial və mədəni komponentlərin də əhəmiyyətini göstərir.
