Bakı. Trend:
Azərbaycanda məhkəmələrə mediaya rəsmi məlumatın məhkəmənin media üzrə məsul hakimi (spiker-hakim) tərəfindən verilməsi tələbi qoyulub.
Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin media ilə ünsiyyəti, sosial şəbəkələrdən istifadəsi və ictimai çıxışları ilə bağlı tələblər müəyyənləşdirilib.
Yeni müddəalara əsasən, məhkəmələrə dair rəsmi məlumatlar media üzrə məsul hakim, yəni spiker-hakim tərəfindən verilməlidir. Spiker-hakim mediada çıxış edərkən istifadə etdiyi sözləri və açıqladığı məlumatları seçərkən Kodeksin və qanunvericiliyin tələblərini, eləcə də çıxışının yarada biləcəyi hüquqi və etik riskləri nəzərə almalıdır.
Hakimlər ictimaiyyət qarşısında çıxış edərkən və media ilə ünsiyyətdə özlərinin və ya məhkəmənin icraatında olan, eləcə də gələcəkdə baxılacaq işlər üzrə nəticəyə təsir göstərə biləcək və məhkəmə prosesinin ədalətliliyinə xələl gətirə biləcək mövqe, rəy və şərhlər bildirməkdən çəkinməlidirlər.
Kodeksə görə, media, sosial şəbəkələr və digər informasiya resurslarından istifadə zamanı hakimin müstəqilliyinə, qərəzsizliyinə və ədalət mühakiməsinə kölgə sala biləcək hallar yaranmamalı, belə təəssürat formalaşdırılmamalıdır. Hakimlərin sosial şəbəkələrdə siyasi qərəzlilik görüntüsü yaradan paylaşımlar etməsi də yolverilməz sayılır.
Yeni tələblər hakimlərin qərar qəbul etməsi prosesinə də aiddir. Hakimlər ictimai rəydən, tənqiddən və medianın yaratdığı təzyiqdən asılı olmayaraq, qərarlarını qanunvericiliyə, sərbəst daxili inamlarına və məhkəmə araşdırmasının nəticələrinə əsasən qəbul etməlidirlər.
Bundan başqa, hakimin işdənkənar davranışı, mediada və sosial şəbəkələrdəki paylaşımları onun müstəqilliyini şübhə altına ala biləcək dini təbliğat və təşviqat xarakteri daşımamalıdır.
Kodeksin əvvəlki redaksiyasında da hakimlərin başa çatmamış və məhkəmə baxışına təyin edilmiş işlər barədə şərh və izahat verməməsi, konkret işlər üzrə fikirlərini açıqlamaması tələb olunurdu. Eyni zamanda, hakimlərin medianın ictimaiyyəti məhkəmələrin fəaliyyəti barədə məlumatlandırmaq vəzifəsinə hörmətlə yanaşması və media nümayəndələrinin işinə mane olmaması nəzərdə tutulurdu. Əldə ediləcək informasiyanın məhkəməyə təsir göstərmək üçün istifadə olunacağına əsaslı şübhələr olmadıqda, hakimlər media nümayəndələrinin fəaliyyətinə imkan yaratmalı idilər.
Əvvəlki redaksiyada, həmçinin hakimlərin media subyektləri və onların nümayəndələri ilə davranışlarına və məhkəmə prosesinin gedişinə təsir göstərə biləcək şəxsi əlaqələr qurmaması, belə əlaqələrdən öz maraqları üçün istifadə etməməsi tələbi yer alırdı.
