Bakı. Trend:
Azərbaycanda 300-dən çox gənclər qeyri-hökumət təşkilatı fəaliyyət göstərir.
Trend-in müxbiri xəbər verir ki, bunu çərşənbə axşamı gənclər və idman nazirinin müavini Fərhad Hacıyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik” mövzusunda keçirilən müzakirədə deyib.
Nazir müavini bildirib ki, ölkədə təxminən 2 milyon şagird və universitetlərdə təhsil alan 200 min tələbə var. Onun sözlərinə görə, onlar Azərbaycanın gələcək liderlik potensialını və insan kapitalını təşkil edirlər.
F.Hacıyev qeyd edib ki, dünya əvvəlkindən daha çox qarşılıqlı əlaqədə olsa da, bu əlaqələrin artması heç də həmişə qarşılıqlı anlaşmanın artmasına gətirib çıxarmır.
“Qloballaşmanın və texnologiyaların yaratdığı imkanlara baxmayaraq, cəmiyyətlər arasında qütbləşmənin, etimadsızlığın və parçalanmanın artmasının şahidi oluruq. Belə bir şəraitdə mədəniyyətlərarası liderlik artıq sadəcə arzuolunan keyfiyyət deyil, mühüm məsuliyyətə çevrilib”, – deyə o vurğulayıb.
Nazir müavininin sözlərinə görə, həqiqi liderlik hər kəsi eyni mövqeyə gətirmək deyil, fərqli baxışları ümumi məqsəd ətrafında birləşdirməkdir. Effektiv lider qərar verməzdən əvvəl dinləməyi, prinsiplərindən güzəştə getmədən fərqlərə hörmət etməyi və fikir ayrılıqları zamanı belə etimad yaratmağı bacarmalıdır.
F.Hacıyev bildirib ki, mədəniyyətlərarası dialoq uzun müddətdir Azərbaycan üçün mühüm milli dəyər və strateji prioritetdir. Prezident İlham Əliyevin 2008-ci ildə təşəbbüs göstərdiyi Bakı Prosesi ölkənin qarşılıqlı anlaşmanın, mədəni müxtəlifliyin və sivilizasiyalar arasında əməkdaşlığın təşviqinə sadiqliyinin göstəricisidir.
O qeyd edib ki, gənclərin liderlik potensialına sərmayə qoyuluşu ölkənin öz gələcəyinə edə biləcəyi ən mühüm sərmayələrdən biridir. Bununla yanaşı, liderliyi yalnız nəzəri biliklər vasitəsilə inkişaf etdirmək mümkün deyil. Bunun üçün təcrübə, məsuliyyət, mentorluq və fərqli düşünən insanlarla əməkdaşlıq imkanları lazımdır.
Nazir müavini UNESCO-nun “Sülh naminə gənclər” Mədəniyyətlərarası Liderlik Proqramını alqışladığını bildirib. Onun sözlərinə görə, proqram dünyanın müxtəlif ölkələrindən 8 mindən çox müraciət arasından seçilmiş 50 gənc lideri bir araya gətirir.
“Liderliyin inkişafı sadəcə insanları daha yüksək vəzifələrə hazırlamaq deyil, onları müsbət dəyişiklik yaratmağa hazırlamaqdır”, – deyə F.Hacıyev əlavə edib.
