Hakimlər həmkarlarının korrupsiya əməlini ifşa etməlidir

Cəmiyyət Xəbər 27 Oktyabr 2026 17:20 (UTC +04:00)
Hakimlər həmkarlarının korrupsiya əməlini ifşa etməlidir
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Hakimlər həmkarlarının aşkar etik pozuntusu, korrupsiya riski və ya peşə borcuna zidd davranışı barədə məlumat əldə etdikdə Məhkəmə-Hüquq Şurasına məlumat verməlidirlər.

Trend-in qüvvədə olan qanunvericilikdən əldə etdiyi məlumata görə, Hakimlərin Etik Davranış Kodeksinin yeni redaksiyasında hakimlərin həmkarları ilə münasibətləri və şəxsi məlumatların düzgün təqdim edilməsi ilə bağlı müddəalar yer alıb.

Kodeksə əsasən, hakimlər həmkarları və məhkəmə əməkdaşları ilə münasibətdə nəzakətli, diqqətli və səbirli olmalı, qeyri-etik hərəkət və davranışlara yol verməməlidirlər.

Hakim həmkarının qəbul etdiyi qərarla və ya mövqeyi ilə razılaşmadıqda mübahisəni şəxsi müstəviyə keçirməməli, məsələni hüquqi müstəvidə və öz səlahiyyətləri çərçivəsində həll etməyə çalışmalıdır.

Yeni müddəalara görə, hakim həmkarının aşkar etik pozuntusu, korrupsiya riski və ya peşə borcuna zidd davranışı barədə məlumat əldə etdikdə qanunvericilikdə müəyyən edilmiş qaydada Məhkəmə-Hüquq Şurasını məlumatlandırmalıdır.

Hakimin fəaliyyətinə kənar müdaxilə olduqda, o, bu barədə Məhkəmə-Hüquq Şurasına müraciət etməlidir.

Bundan başqa, hakim anket məlumatlarında özü və ailə üzvləri haqqında məlumatları düzgün göstərməli, həmin məlumatlarda dəyişiklik olduqda bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verməlidir.

Kodeksin əvvəlki redaksiyasında isə hakimin işdən kənar vaxtlarda qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını və digər hakimlərin hərəkətlərini şübhə altına qoymaması tələbi əksini tapmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti