Azərbaycanın qeyri-neft sənayesi sürətlə artır

Yaşıl iqtisadiyyat Xəbər 28 Oktyabr 2026 10:18 (UTC +04:00)
Azərbaycanın qeyri-neft sənayesi sürətlə artır
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2021–2025-ci illərdə qeyri-neft sənayesi 1,5 dəfə artıb.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

O bildirib ki, Azərbaycan COP29-a ev sahibliyi etdiyi dövrdə iqlim öhdəliklərini və milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) yeniləyərək daha iddialı hədəflər müəyyənləşdirib.

Nazir müavininin sözlərinə görə, ölkədə iqtisadi artımın davam etməsi, qeyri-neft sektorunun genişlənməsi və ixracın artması enerji tələbatını da yüksəldir. Belə ki, 2021–2025-ci illərdə qeyri-neft sənayesi 1,5 dəfə artıb. Bu proses enerji təchizatının genişləndirilməsi ilə yanaşı, karbon emissiyalarının azaldılması və ətraf mühitin qorunması məsələlərini də aktuallaşdırır.

“İqtisadi artım davam edir, qeyri-neft sənayesi genişlənir, ixrac artır. Təbii ki, bu, enerji tələbatının da yüksəlməsinə səbəb olur. Ona görə də alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır”, – deyə S.Bəşirli qeyd edib.

O vurğulayıb ki, Azərbaycan artan enerji tələbatını qarşılamaq və "yaşıl enerji" keçidini sürətləndirmək məqsədilə bir sıra regional enerji layihələrinə start verib. Xəzər dənizi, Qara dəniz, Avropa və Mərkəzi Asiya istiqamətlərini əhatə edən "yaşıl enerji" dəhlizləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.

Nazir müavini ölkədə bərpa olunan enerji layihələrinə investisiyaların cəlb edilməsinin davam etdiyini bildirib. Onun sözlərinə görə, bu sahədə imzalanmış müqavilələr üzrə ümumi güc 8 QVt-ı ötüb.

S.Bəşirli əlavə edib ki, Azərbaycan "yaşıl enerji"yə investisiyaların təşviqi üçün müxtəlif dəstək mexanizmlərindən istifadə edir. Bu çərçivədə bərpaolunan enerji layihələri üçün investisiya təşviqi mexanizmi, vergi və gömrük güzəştləri tətbiq olunur.

O, həmçinin Biznesin İnkişafı Fondunun "yaşıl kreditlər"in təşviqi istiqamətində fəaliyyətə başladığını diqqətə çatdırıb. Bu mexanizmlərin müəssisələrin ekoloji cəhətdən dayanıqlı layihələrə investisiya yatırmasına və "yaşıl iqtisadiyyat"ın inkişafına töhfə verməsi nəzərdə tutulur.

Nazir müavini sənayenin dekarbonizasiyasının yalnız ənənəvi enerji mənbələrinin bərpaolunan enerji ilə əvəzlənməsi ilə məhdudlaşmadığını da vurğulayıb. Onun sözlərinə görə, istehsal proseslərinin səmərəliliyinin artırılması, resurslardan daha qənaətlə istifadə edilməsi və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi də mühüm əhəmiyyət daşıyır.

S.Bəşirli qeyd edib ki, bu istiqamətdə resursların təkrar istifadəsinə və istehsal proseslərinin optimallaşdırılmasına imkan verən texnologiyalar tətbiq olunur. Belə təşəbbüslərin 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin dəstəyi və “SOCAR Carbamide” daxil olmaqla, bir sıra müəssisələrdə həyata keçirildiyi bildirilir.

Nazir müavini Azərbaycanın "yaşıl enerji" keçidini sürətləndirmək, sənayedə emissiyaları azaltmaq və iqtisadi inkişafı ekoloji dayanıqlılıq prinsipləri ilə uzlaşdırmaq istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti