Bakı. Trend:
Azərbaycanda Xırda ödənişlər üzrə hesablaşma klirinq sistemi (XÖHKS) vasitəsilə aparılan əməliyyatların həcmi sentyabr ayında illik müqayisədə 28 faiz artıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə əsasən, cari ilin sentyabr ayında Azərbaycanda XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 5,397 milyard manat, sayı isə 8,525 milyon ədəd təşkil edib.
Trend-in bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin sentyabr ayı ilə müqayisədə XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 1,18 milyard manat və ya 28 faiz artıb, sayı isə 604 min ədəd və ya 6,6 faiz azalıb.
Bankın məlumatına görə, ötən ilin sentyabr ayında Azərbaycanda XÖHKS vasitəsilə aparılan əməliyyatların həcmi 4,217 milyard manat, sayı isə 9,129 milyon ədəd təşkil edib.
AMB-nin məlumatına görə, XÖHKS Azərbaycan Milli Ödəniş Sisteminin AZIPS banklararası ödəniş sistemi ilə yanaşı, əsas komponentlərindən biridir. XÖHKS kiçik həcmli, təkrarlanan və ani olmayan ödənişlərin emalı üçün nəzərdə tutulub. Sistemdə hesablaşmalar çoxtərəfli klirinqin nəticələrinə əsasən xalisləşdirmə prinsipi ilə həyata keçirilir.
XÖHKS vasitəsilə hesablaşmalar milli valyutada, yəni Azərbaycan manatında kredit köçürmələri və birbaşa debetləşdirmə yolu ilə aparılır. Sistemdə bir ödəniş əməliyyatı üzrə limit 40 min manat müəyyən edilib.
Ödəniş sənədləri əməliyyat günü ərzində sistem tərəfindən qəbul edilir və daha sonra üç klirinq sessiyasında emal olunur. Sessiyaların nəticələri müəyyən edilmiş vaxt intervallarında sistem iştirakçılarına göndərilir. XÖHKS və AZIPS-in operatoru Azərbaycan Mərkəzi Bankıdır.
