Azərbaycanda sualtı gəmi yoxdur, bəs qanunda niyə adı çəkilir?

Gündəm Rəy 28 Oktyabr 2026 10:11 (UTC +04:00)
Azərbaycanda sualtı gəmi yoxdur, bəs qanunda niyə adı çəkilir?
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Milli Məclisin oktyabrın 23-də keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər birinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün 1 il), digər hallarda isə 1 il müəyyən ediləcək.

Dəyişikliyin mətnində sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddətinin müəyyənləşdirilməsi cəmiyyətdə müəyyən suallar yaradıb.

Sosial şəbəkələrdə və müxtəlif müzakirə platformalarında Azərbaycanda sualtı gəmilərin mövcudluğu müzakirəyə çıxarılıb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda Azərbaycan donanmasında sualtı gəmi mövcud deyil.

Bəs görəsən, Azərbaycanda sualtı gəmi olmadığı halda, onunla bağlı qanunvericiliyə müəyyən müddəalar daxil edilə bilərmi?

Mövzunu Trend-ə şərh edən Milli Məclisin II çağırış deputatı, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev təsdiqləyib ki, belə bir müddəa qanunda nəzərdə tutula bilər:

“Hazırda ölkədə sualtı gəmilərin olmaması buna hüquqi maneə yaratmır. Qanun gələcəkdə yarana biləcək xidmət münasibətlərini də tənzimləyə bilir. Müvafiq xidmət kateqoriyası yoxdursa, həmin müddəa sadəcə tətbiq olunmur”.

Sabiq deputat xatırladıb ki, bu ifadə qanunvericiliyimizə ilk dəfə daxil edilmir, artıq qanunvericilikdə bu ifadə var.

“Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 31.3-cü maddəsində sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular artıq ayrıca göstərilir. 3 mart 2006-cı il tarixdə qanunda həmin şəxslər üçün leytenant rütbəsində olmağın xüsusi müddəti də nəzərdə tutulmuşdu”.

31.3. Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olma müddəti aşağıdakı kimi müəyyən edilir:

Hərbi rütbələrin adları

Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

Kiçik çavuş

6 ay

6 ay

Çavuş

6 ay

6 ay

Kiçik gizir (kiçik miçman)

2 il

2 il

Gizir (miçman)

3 il

5 il

Kiçik leytenant

1 il

1 il

Leytenant

2 il

3 il

Baş leytenant, kapitan (kapitan-leytenant)

3 il

4 il

Mayor (3-cü dərəcəli kapitan)

4 il

5 il

Polkovnik-leytenant

(2-ci dərəcəli kapitan)

5 il

6 il

Ə. Nuriyev vurğulayıb ki, Azərbaycan Xəzər dənizinin sahilində yerləşən dövlətdir və Xəzər daxilində də bir çox ölkələrə məxsus sualtı gəmilər, qayıqlar var:

“Azərbaycan gələcəkdə öz dəniz donanmasını daha da gücləndirmək üçün belə gəmilərin olmasını da istisna etmir, istisna edilməməlidir. Eyni zamanda böyük dənizləri olmayan ölkənin də dəniz donanması ola bilər. Dünya okeanlarında elə ərazilər var ki, onlar beynəlxalq sular sayılır və heç kəsin tabeçiliyində deyil. Eyni zamanda Azərbaycanda əgər buna ehtiyac duyularsa, Türkiyənin limanlarından da istifadə edə bilərik. Belə vəzifələrin olması zəruridir”.

Fondun rəhbəri əlavə edib ki, qanunda boşluqların olmağındansa, gələcəyə yönələn müvafiq normaların olması daha vacibdir.

“Çünki hüquq həm də gələcək ictimai münasibətlərin inkişafına da təkan verən bir sahədir. Burada belə halların olması çox normal qarşılanmalıdır. Qanunvericilik mümkün olan, gələcəkdə yarana biləcək hər cür ictimai münasibətlər üçün də imkanlar yaratmalıdır”, - deyə o fikrinə yekun vurub.

Qeyd edək ki, sözügedən qanun layihəsi oktyabrın 30-da Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti