Azərbaycan İstilik Elektrik Stansiyasında yanacaq sərfiyyatı 30 faizdən çox azaldılıb - Elnur Soltanov

Yaşıl iqtisadiyyat Xəbər 28 Oktyabr 2026 11:16 (UTC +04:00)
Azərbaycan İstilik Elektrik Stansiyasında yanacaq sərfiyyatı 30 faizdən çox azaldılıb - Elnur Soltanov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda enerji səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan İstilik Elektrik Stansiyasında hər kilovat-saat elektrik enerjisi istehsalına sərf olunan şərti yanacağın miqdarı 330 qramdan 220 qrama endirilib.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

Nazir müavini bildirib ki, enerji sektorunda dayanıqlı inkişaf yalnız bərpa olunan enerji mənbələrinə investisiyaların artırılması ilə məhdudlaşmır. Bu prosesdə enerji səmərəliliyinin yüksəldilməsi, mövcud infrastrukturun yenilənməsi və enerji itkilərinin azaldılması da mühüm əhəmiyyət daşıyır.

“Bərpa olunan enerji yatırımlarının miqyasına baxmaq kifayət deyil. Dövlətin bu sahəyə kifayət qədər böyük enerji, güc, vaxt və vəsait sərf etməsi də çox vacibdir. İkinci mühüm istiqamət enerji effektivliyidir və Azərbaycan bu sahədə də ciddi addımlar atıb”, – deyə E.Soltanov qeyd edib.

O xatırladıb ki, 2,4 giqavat qoyuluş gücünə malik Azərbaycan İstilik Elektrik Stansiyası Qafqazın ən böyük elektrik stansiyasıdır. Bir neçə il əvvəl stansiyanın sistemləri İtaliya istehsalı olan avadanlıqlarla yenilənib.

“Azərbaycanın ən qeyri-səmərəli elektrik stansiyası bu gün ölkənin ən səmərəli stansiyasına çevrilib. Əvvəllər bir kilovat-saat elektrik enerjisi istehsalına 330 qram şərti yanacaq sərf olunurdusa, hazırda bu göstərici 220 qramdan aşağıdır. Beləliklə, 30 faizdən çox səmərəlilik artımı əldə etmişik”, – deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, bu təkmilləşdirmə nəticəsində ildə təxminən yarım milyard kubmetrə yaxın təbii qaza qənaət etmək mümkündür. Bu isə mövcud enerji infrastrukturunun modernləşdirilməsinin iqtisadi və ekoloji baxımdan əhəmiyyətini göstərir.

E.Soltanov elektrik enerjisinin ötürülməsi və paylanması zamanı yaranan itkilərə də toxunub. O bildirib ki, ötürücü xətlərdə itkilər qlobal miqyasda ən yaxşı təcrübələrə yaxın səviyyədədir. Bununla belə, paylayıcı şəbəkələrdə itkilərin daha yüksək olması bu istiqamətdə əlavə tədbirlərin görülməsini zəruri edir.

Nazir müavini qeyd edib ki, paylayıcı şəbəkələrdə enerji itkilərinin azaldılması üçün mövcud infrastrukturun təkmilləşdirilməsi ilə yanaşı, maliyyə resurslarının cəlb edilməsi və banklarla əməkdaşlığın gücləndirilməsi də vacibdir.

O, enerji səmərəliliyinin artırılmasında binaların və qurğuların xüsusi rol oynadığını vurğulayıb. Bildirib ki, elektrik enerjisinin əhəmiyyətli hissəsi məhz bu obyektlərdə istehlak olunur və tikililərin enerji göstəricilərinin yaxşılaşdırılması ümumi istehlakın azaldılmasına kömək edə bilər.

“Binalar sahəsində gələn ildən etibarən bina pasportlaşdırmasının məcburi tətbiqi nəzərdə tutulur. Daha keyfiyyətli və enerji baxımından səmərəli binaların tikintisini cəza mexanizmləri ilə deyil, təşviq vasitələri ilə dəstəkləməliyik”, – deyə E.Soltanov bildirib.

Onun sözlərinə görə, məqsəd enerji səmərəliliyi yüksək olan binaların bazar üstünlüklərini artırmaqdır. Bu çərçivədə enerji göstəricilərini əks etdirən pasportlaşdırma mexanizminin tətbiqi nəzərdə tutulur.

“Çalışırıq ki, cərimələrdən daha çox, yaxşı və səmərəli tikilən binalar üçün təşviq mexanizmləri yaradaq. Məsələn, A səviyyəli enerji pasportuna malik binanın bazar dəyəri daha yüksək ola bilər. Çünki belə binada elektrik enerjisi və digər enerji növlərinin istehlakı daha az olacaq”, – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, enerji səmərəliliyinin yüksəldilməsi yalnız binalarla məhdudlaşmır. Müxtəlif qurğuların da səmərəli işləməsi üçün standartların hazırlanması istiqamətində işlər aparılır.

E.Soltanov neft-qaz sektorunun dekarbonizasiya istiqamətindəki təşəbbüslərinə də diqqət çəkib. O bildirib ki, SOCAR bu sahədə ölkə üçün mühüm addımlar atır və şirkətin fəaliyyəti Azərbaycanın iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə verə bilər.

“Doğrudan da, SOCAR ölkəmiz üçün qürurverici və inqilabi addımlar atır. Azərbaycanın üçüncü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsində (NDC 3) nəzərdə tutulan bəzi tələblərin SOCAR tərəfindən, neft-qaz sektorunun aparıcı qurumu kimi, daha sürətlə həyata keçiriləcəyini düşünürəm”, – deyə o vurğulayıb.

Nazir müavini qeyd edib ki, SOCAR-ın qoşulduğu təşəbbüslər arasında Neft və Qaz Dekarbonizasiyası Xartiyası və Neft və Qaz Metan Tərəfdaşlığı 2.0 da var.

“Bunlar dünyanın ən ciddi və yoxlanıla bilən təşəbbüslərindəndir”, – deyə E.Soltanov bildirib.

Onun sözlərinə görə, enerji səmərəliliyinin artırılması, elektrik şəbəkələrində itkilərin azaldılması, binaların enerji göstəricilərinin yaxşılaşdırılması və neft-qaz sektorunda emissiyaların azaldılması Azərbaycanın dayanıqlı enerji sisteminə keçidində bir-birini tamamlayan istiqamətlərdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti