Bakı. Trend:
Azərbaycanda günün tələblərinə cavab verməyən dizel avtobusların tamamilə dövriyyədən çıxarılması hədəflənir. Bu ilin sonunadək Bakıda belə avtobusların sayının təxminən 500-ə enəcəyi, gələn il isə onların hamısının yeniləri ilə əvəzlənəcəyi gözlənilir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, iqlim dəyişiklikləri ilə mübarizə və aşağıkarbonlu iqtisadiyyata keçid Azərbaycanın əsas prioritetlərindəndir və bu istiqamətdə ölkənin götürdüyü öhdəliklər müvafiq sənədlərdə əksini tapıb. Nəqliyyat sektoru da karbon emissiyalarının azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Dünya üzrə karbon emissiyalarının təxminən 15 faizi nəqliyyat sektorunun payına düşürsə, Azərbaycanda bu göstərici 13 faiz civarındadır”, – deyə nazir müavini qeyd edib.
R.Hümmətovun sözlərinə görə, Azərbaycanın götürdüyü öhdəliklərin icrası konkret dövlət proqramları ilə təmin olunur. Prezident İlham Əliyevin təsdiqlədiyi Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2030-cu ilədək dövlət proqramında əsas prioritetlərdən biri adambaşına düşən illik karbon emissiyalarının 600 kiloqramdan aşağı səviyyədə saxlanılmasıdır. Proqramda bu hədəfə çatmaq üçün konkret tədbirlər də nəzərdə tutulub.
Nazir müavini əsas tədbirlərdən birinin ictimai nəqliyyatın elektrikləşdirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Bakıda təxminən 2 600 avtobus fəaliyyət göstərir. Son üç ildə avtobusların sayı 1 700-dən 2 600-ə yüksəlib ki, bu da 900 avtobus artımı deməkdir. Yeni nəqliyyat vasitələri arasında sıxılmış təbii qazla (CNG) və elektrik enerjisi ilə işləyən ekoloji təmiz avtobuslar var.
O qeyd edib ki, qarşıdakı illərdə ictimai nəqliyyatın yenilənməsi prosesinin başa çatdırılması və əvvəlki illərdən qalan, müasir tələblərə cavab verməyən dizel avtobusların tamamilə istismardan çıxarılması nəzərdə tutulur.
“Bu ilin sonunadək dövriyyədə təxminən 500 belə avtobusun qalacağını, gələn il isə onların da tamamilə yeniləri ilə əvəzlənəcəyini gözləyirik”, – deyə R.Hümmətov vurğulayıb.
Nazir müavini bildirib ki, nəqliyyatın ekoloji cəhətdən təmizləşdirilməsi təkcə Bakı ilə məhdudlaşmır. Dövlət proqramı paytaxtı və ətraf əraziləri əhatə etsə də, ölkənin digər bölgələrində də bu istiqamətdə işlər aparılır.
Onun sözlərinə görə, Naxçıvanda ictimai nəqliyyat tamamilə elektrik enerjisinə keçirilib. Qarabağın yaşıl zona elan olunduğunu xatırladan R.Hümmətov Xankəndinin bu istiqamətdə ilk şəhər olduğunu və burada elektrik avtobusların istismara verildiyini bildirib. Digər şəhər və rayonlarda da ekoloji təmiz nəqliyyata keçid davam edir.
O əlavə edib ki, bütün hallarda birbaşa elektrik nəqliyyat vasitələrindən istifadə mümkün olmasa da, mövcud nəqliyyat vasitələrinin modernləşdirilməsi də ətraf mühitə təsirin azaldılmasına xidmət edir. Belə ki, Avro-6 standartlarına cavab verən nəqliyyat vasitələri atmosferə atılan zərərli tullantıların azaldılmasına imkan verir.
R.Hümmətov taksi sektorunda aparılan islahatlara da toxunub. O bildirib ki, islahatlar başlamazdan əvvəl Bakıda taksilərin 60 faizdən çoxunun yaşı 15 ildən artıq olub.
“Hazırda Bakı şəhərində taksilərin orta yaşı 5 ildir. Əldə etdiyimiz məlumata görə, taksi parkının yaşının bu qədər qısa müddətdə cavanlaşmasına görə Avropa miqyasında lider şəhərlər sırasındayıq”, – deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, taksi parkının yenilənməsi də ətraf mühitə dəyən zərərin azaldılmasına töhfə verir.
