Bakı. Trend:
Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 5,11 ABŞ dolları və ya 4% ucuzlaşaraq 122,49 ABŞ dollarına enib.
Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,28 dollar və ya 3,68% ucuzlaşaraq 112,12 ABŞ dolları təşkil edib.
"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,83 dollar və ya 6,08% azalaraq 90,00 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,45 dollar və ya 6,6% azalaraq 119,52 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə günü xam neftin
bir barelinin qiyməti 101 dolları ötüb.
"Bununla da neft qiymətləri iki sessiya davam edən enişi
dayandırıb. Buna səbəb ABŞ-nin aralıq seçkilərindən sonra İrana
qarşı mümkün yeni hərbi əməliyyata hazırlaşmaq üçün Fars körfəzi
ölkələrinə çağırış etdiyi barədə məlumatların yayılması olub.
İnvestorlar həmçinin İsraildə seçkilərin nəticələrini diqqətlə izləyiblər. Bu nəticələr Yaxın Şərqdəki münaqişənin gedişinə təsir göstərə bilər. İlkin sorğuların nəticələrinə görə, baş nazir Benyamin Netanyahu müxalifət lideri Qadi Eyzenkotla təxminən eyni səviyyədə dəstəyə malik olub. Səslərin hesablanması isə davam edib.
Seçki kampaniyası zamanı Eyzenkot özünü Netanyahunun daha mötədil alternativi kimi təqdim edib. O, İranın nüvə proqramının qarşısının alınmasının vacibliyini vurğulayıb və bunun zərurət yaranacağı təqdirdə hərbi müdaxilə yolu ilə həyata keçirilə biləcəyini bildirib. Bununla yanaşı, o, İranda hakimiyyət dəyişikliyini “reallaşdırılması mümkün olmayan məqsəd” kimi xarakterizə edib.
Bu arada, oktyabrın 23-də başa çatan həftə ərzində ABŞ-nin xam neft ehtiyatları təxminən 2 milyon barel azalıb. Bu da neft təklifinin daralmasına işarə edir", - məlumatda qeyd edilib.
