Azərbaycanın dövlətçilik ənənələrinin tarixi kökləri də olduqca dərindir – Deputat

Siyasət Xəbər 27 Oktyabr 2026 15:51 (UTC +04:00)
Azərbaycanın dövlətçilik ənənələrinin tarixi kökləri də olduqca dərindir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində səsləndirdiyi fikirlər Azərbaycanın milli dövlətçilik fəlsəfəsinin, tarixi irsinin və müasir inkişaf modelinin mahiyyətini aydın şəkildə ortaya qoyur.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat qeyd edib ki, dövlət başçısının çıxışında xüsusi diqqət çəkən məqamlardan biri azərbaycançılıq ideologiyasının xalqımızın milli birliyinin və dövlətçiliyimizin möhkəmlənməsində oynadığı mühüm rolla bağlıdır:

“Ümummilli Lider Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri azərbaycançılıq ideologiyasını sistemli dövlətçilik konsepsiyasına çevirməsi olub. Ulu Öndər müxtəlif etnik, dini və mədəni mənsubiyyətə malik Azərbaycan vətəndaşlarını vahid dövlət və vahid Vətən ideyası ətrafında birləşdirən möhkəm ideoloji əsas yaratdı. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilməsi nəticəsində azərbaycançılıq bu gün də cəmiyyətimizin birliyini təmin edən əsas mənəvi-siyasi dəyərlərdən biridir.

Azərbaycanın multikultural və tolerant cəmiyyət modeli yalnız müasir dövrün siyasi seçimi deyil, xalqımızın əsrlərlə formalaşmış həyat tərzinin davamıdır. Hələ Qafqaz Albaniyası dövründən başlayaraq bu coğrafiyada müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin nümayəndələri birgə yaşayıb, zəngin mədəni irs formalaşdırıblar. Bu ənənə bu gün müstəqil Azərbaycanda daha da inkişaf etdirilir. Ölkəmizdə müxtəlif etnik və dini icmaların öz mədəniyyətini, dilini və adət-ənənələrini qoruyaraq vahid Azərbaycan ailəsinin bərabərhüquqlu üzvləri kimi yaşaması dövlətimizin mühüm nailiyyətlərindəndir”.

A.Həsənova vurğulayıb ki, Azərbaycanın dövlətçilik ənənələrinin tarixi kökləri də olduqca dərindir: "Şirvanşahlar, Ağqoyunlular, Səfəvilər və Əfşarlar dövrü xalqımızın siyasi, mədəni və dövlətçilik tarixinin mühüm mərhələləridir. Bu dövlətlərin yaratdığı irs Azərbaycanın regionda qədim və zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərir. Sonrakı xanlıqlar dövrü isə mürəkkəb siyasi şəraitə baxmayaraq, ayrı-ayrı Azərbaycan dövlət qurumlarında milli dövlətçilik ənənələrinin yaşadılması baxımından mühüm tarixi mərhələ kimi qiymətləndirilməlidir.

Bu tarixi mərhələlərin hər biri müasir Azərbaycan dövlətçiliyinin formalaşmasına öz töhfəsini verib. Müstəqil Azərbaycan Respublikası həmin çoxəsrlik dövlətçilik irsinin müasir davamıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan bu gün öz milli kimliyini və tarixi köklərini qorumaqla yanaşı, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin qarşılıqlı hörmət şəraitində yaşadığı güclü və müstəqil dövlətdir.

Hesab edirəm ki, azərbaycançılığın əsas gücü də məhz bundadır: bu ideologiya milli və dini mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanı öz Vətəni hesab edən hər kəsi vahid dövlətçilik düşüncəsi ətrafında birləşdirir. Tarixi irsimizə söykənən bu birlik modeli Azərbaycanın gələcək inkişafının, ictimai sabitliyinin və milli həmrəyliyinin əsas dayaqlarından biri olaraq qalacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti