Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə Azərbaycan arasında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr, "yaşıl enerji" keçidi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko bu barədə çərşənbə günü Bakıda keçirilən "9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Əməkdaşlıq Çərçivəsi imzalanıb və sənəddə inklüziv inkişaf, eləcə də iqlim dəyişikliyi əsas istiqamətlər sırasında yer alır.
"BMT ilə Azərbaycan hökuməti arasında 2026–2030-cu illər üçün çərçivə sazişi imzalanıb. Burada iki əsas istiqamət – inklüziv inkişaf və iqlim dəyişikliyi xüsusi yer tutur", – deyə Dmitro Şlapaçenko qeyd edib.
BMT rəsmisinin sözlərinə görə, ötən həftə Xankəndidə BMT-nin bütün agentliklərinin iştirakı ilə Azərbaycan hökuməti arasında strateji dialoq keçirilib. Görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən təşəbbüslərin dəstəklənməsi və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
"Ötən cümə günü Xankəndidə BMT-nin bütün agentlikləri ilə hökumət arasında strateji dialoq keçirdik və bu iki regionda – Qarabağ və Şərqi Zəngəzurda – hökumətin təşəbbüslərini yaxından dəstəkləmək barədə razılığa gəldik", – o deyib.
Dmitro Şlapaçenko vurğulayıb ki, əməkdaşlıq yalnız "yaşıl enerji" ilə məhdudlaşmayacaq. Onun sözlərinə görə, BMT urbanizasiya, kənd təsərrüfatı, səhiyyə və ev təsərrüfatları da daxil olmaqla müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.
"Bu əməkdaşlığa "yaşıl enerji" də daxildir, lakin biz bunu yalnız bununla məhdudlaşdırmaq istəmirik. Əməkdaşlığı urbanizasiya, kənd təsərrüfatı, səhiyyə və ev təsərrüfatları kimi digər sahələrə də genişləndirmək istəyirik", – BMT rəsmisi bildirib.
O, həmçinin gələn il Azərbaycanda keçirilməsi planlaşdırılan DİM dialoqları barədə məlumat verib.
"Gələn il üçün iki DİM dialoqu planlaşdırırıq. Dəqiq tarixlər hələ müəyyənləşməsə də, bunlardan birinin Şuşada, digərinin isə Naxçıvanda keçirilməsi gözlənilir", – Dmitro Şlapaçenko deyib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi qeyd edib ki, gələn il keçiriləcək dialoqlarda əsas diqqət Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına yönəldiləcək.
"Müzakirə olunacaq əsas mövzu DİM-lərin lokallaşdırılması olacaq. Biz bu imkandan çox həyəcanlıyıq, çünki düşünürük ki, bu dialoqlar düzgün siyasətçiləri bir araya gətirir, yeni kritik yollar açır və daha dərindən düşünməyə kömək edir", – o əlavə edib.
