Bakı.Trend:
Ölkəmizin nailiyyətləri, müstəqil siyasəti çoxlarını narahat edir. Biz, xaricdən yönləndirilən bütün növ təxribatlara, dövlətçiliyimizə, müstəqilliyimizə və mənəviyyatımıza ölkəmizin hüdudlarından kənardan uzanan dillərə layiqincə cavab verməyə qadirik və hazırıq.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki,bu barədə çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, sapı özümüzdən olan məkrli, xəyanətkar qüvvələrin qarayaxmalarına, hər hansı təxribatlara, ideoloji təhdidlərə qarşı xalqımız, dindarlarımız hər an ayıq-sayıqdır.
“Azərbaycan dindarları ölkəmizin uğurları, o cümlədən, mədəni-mənəvi-dini müstəvidə nailiyyətləri, himayə və diqqətindən fəxarət duyurlar və hər zaman dövlətin, dövlət başçımızın əməllərini təqdir edirlər. Dindarlar hər zaman dövlətimizin yanındadırlar. Dünya ictimaiyyəti tərəfindən örnək olaraq qəbul edilən həyat modelimiz müstəqil Azərbaycanın milli sərvətidir
İşğaldan azad etdiyimiz torpaqlarımızda dövlətimiz məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini, alban məbədlərini bərpa edir. Bu, Azərbaycan xalqının milli-mənəvi dəyərlərə qayğı və himayəsinin, multikultural dini irsini milli sərvət olaraq dəyərləndirən, onu dirçəldərək hifz edən Azərbaycanın tolerant dövlət siyasətinin təzahürüdür”,- deyə o vurğulayıb.
A.Paşazadə əlavə edib ki, bölgədə sülh istiqamətində səylərimizə rəğmən erməni kilsəsi, erməni diasporası və onların havadarlarının davam edən ksenofob, revanşist, separatist hədyanları, nifrət çağırışlarının öhdəsindən gəlmək iqtidarındayıq.
“Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrəti olan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyevin bəşəri ideya və təşəbbüsləri sayəsində ölkəmiz multikulturalizm və İslam həmrəyliyi prosesinə əməli töhfələr verməkdədir. Bu nailiyyətlərə dövlətimiz daxili monolitliyi, xalq-dövlət birliyi, dinlərarası harmoniya və məzhəblərarası anlaşma mühiti, milli dəyər və ənənələrlə yanaşı ümumbəşəri dəyərlərə ehtiram və qayğısı sayəsində nail olub”,- deyə o bildirib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
