Bakı.Trend:
Özbəkistan və Azərbaycan çoxəsrlik tarixi bağlar, ortaq dil, mədəniyyət və möhkəm dostluq əlaqələri ilə sıx bağlıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü Özbəkistan Prezidentinin Dini işlər və təhsil məsələləri üzrə müşaviri Muzaffar Kamilov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik dərəcəsinə yüksəlib.
“Bu gün əməkdaşlığımız siyasi, iqtisadi, elm və təhsil sahələrində uğurla inkişaf edir. Bu tərəfdaşlığın əsas istiqamətlərindən biri də dini-mənəvi dəyərlərin inkişaf etdirilməsidir və bu sahədə dövlət başçılarımızın mövqeyi tam üst-üstə düşür. Azərbaycanın dunu liderlərin həmrəyliyinə dair çağırışları dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu ənənənin indiki forumda da uğurla davam etdirilir”,- deyə o əlavə edib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
