Bakı.Trend:
Gənclər cəmiyyətimizin dəyişikliklərə qarşı ən həssas və müdafiəsiz kateqoriyasıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə çərşənbə günü mədəniyyət nazirinin müavini Fərid Cəfərov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyanın fəlakətlər, pandemiyalar, münaqişələrlə dolu olduğunu nəzərə alsaq, gənclər bu çətinliklərin öhdəsindən gəlmək üçün səlahiyyətləndirilməlidirlər.
“Biz hazırda tarixdə heç vaxt olmadığı qədər gənclərə, bütün nəsillərə imkanlar təqdim edən bir dünyada yaşayırıq. Dini, etnik mənsubiyyət və ya ölkədən asılı olmayaraq, gənclər həyatlarında heç vaxt sahib olmadığı imkanlara malik olmaq şansına və fürsətinə sahibdirlər.
İnanıram ki, bu sessiya dünyanın hər yerindən gələn gənc liderlər arasında səmimi körpülər quracaq”,- deyə o vurğulayıb.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
