Vətəndaşlar "Azərişığ"a artıq elektrik enerjisi satıb pul qazana bilərlər – Nazir müavini

Yaşıl iqtisadiyyat Xəbər 28 Oktyabr 2026 11:21 (UTC +04:00)
Vətəndaşlar "Azərişığ"a artıq elektrik enerjisi satıb pul qazana bilərlər – Nazir müavini
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vətəndaşlar özlərinin istehsal etdiyi elektrik enerjisindən istifadə etdikdən sonra artıq qalan hissəni “Azərişıq”a sataraq pul qazana bilərlər.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov çərşənbə günü Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.

E.Soltanov bildirib ki, Azərbaycanda “aktiv istehlakçı” konsepsiyası artıq formalaşıb və vətəndaşlar bu mexanizmdən istifadə etməklə həm öz elektrik enerjisi tələbatlarını qarşılaya, həm də artıq istehsal etdikləri enerjidən gəlir əldə edə bilərlər.

“Artıq bizdə "aktiv istehlakçı" deyilən bir məhsul var, bir konsept var, bunun da əsasları var. Hər bir vətəndaş – hüquqi və ya fiziki şəxs – öz həyatında, şirkətinin həyatında 150 kilovata qədər elektrik enerjisini özü istehsal edə bilər. 150 kilovat çox böyük rəqəmdir. Yəni, bu, hardasa elə bir ev yoxdur ki, o qədər enerji istehlak etsin, bu, 300 dənə günəş paneli deməkdir”, – deyə nazir müavini qeyd edib.

Onun sözlərinə görə, vətəndaş istehsal etdiyi elektrik enerjisinin ehtiyacından artıq olan hissəsini “Azərişıq”a sataraq vəsait əldə edə bilər.

“Ehtiyacı olduğu qədər istifadə edəcək, artıq qalanını "Azərişıq"a satıb vəsait qazana bilər. Bu artıq mümkündür. Yəni, bu gün siz "Azərişığ"a getsəniz və müraciət etsəniz, siz artıq bu prosesə başlaya bilərsiniz”, – E.Soltanov vurğulayıb.

Nazir müavini Azərbaycanda artıq 1800-ə yaxın aktiv istehlakçının olduğunu bildirib. Onun sözlərinə görə, bu istehlakçıların 95 faizindən çoxu Qarabağdadır.

“Qeyd edim ki, Azərbaycanda hal-hazırda 1800-ə qədər aktiv istehlakçı var. Bunun 95 faizdən çoxu Qarabağdadır. Yəni, Qarabağda olan sakinlərimizin mütləq əksəriyyəti elektrik enerjisini özü istehlak edir, artığını "Azərişığ"a sataraq bundan vəsait əldə edir və bu, dövlətimizin doğrudan da Qarabağda "yaşıl enerji zonası" çərçivəsində atdığı addımın bir təzahürüdür”, – deyə o bildirib.

E.Soltanov qeyd edib ki, aktiv istehlakçıların bu fəaliyyəti Qarabağda “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində həyata keçirilən tədbirlərin də bir hissəsidir.

Nazir müavininin sözlərinə görə, hazırda ölkə üzrə aktiv istehlakçılar tərəfindən bu üsulla təqribən 8 meqavat elektrik enerjisi istehsal olunur.

O, həmçinin vətəndaşların bu istiqamətdə qoyduğu investisiyaların geri qaytarılma müddətinə toxunub. E.Soltanov bildirib ki, günəş enerjisi sistemlərinə yatırılan vəsait orta hesabla 7-8 il ərzində geri qayıdır.

Bundan sonra isə vətəndaşlar istehsal etdikləri elektrik enerjisinin artıq hissəsini “Azərişığ”a satmaqla gəlir əldə edə bilirlər.

E.Soltanovun sözlərinə görə, bu mexanizm vətəndaşların "yaşıl enerji"yə keçiddə iştirakını artırmaqla yanaşı, bərpa olunan enerji mənbələrindən istifadəni də genişləndirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti