Bakı. Trend:
Korrupsiya cinayətlərindən əldə olunan gəlirlərin müəyyənləşdirilməsi və izlənilməsi üçün dövlətlər arasında əməkdaşlıq və məlumat mübadiləsi gücləndirilməlidir.
Trend-in müxbiri xəbər verir ki, bu fikirləri çərşənbə günü Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Orqanının (Nazaha) prezidenti Mazin bin İbrahim Əl-Kəhmus Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə səsləndirib.
O bildirib ki, Səudiyyə Ərəbistanı şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Bakı görüşü isə bu sahədə birgə səylərin möhkəmləndirilməsinə xidmət edir.
“Qəbul olunan qətnamələr üzv dövlətlərin bu sahədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq iradəsini əks etdirir. Üzv dövlətləri cinayət gəlirlərinin müəyyənləşdirilməsi və izlənilməsi üçün əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsinə yönəlmiş qətnamə layihəsini dəstəkləməyə çağırıram. Bu məqsədlə GlobE şəbəkəsinə qoşulmaq mühüm əhəmiyyət daşıyır”, – deyə Nazaha prezidenti vurğulayıb.
Mazin bin İbrahim Əl-Kəhmus bir sıra dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Məkkə Konvensiyasını ratifikasiya etməsini alqışlayıb. O, digər üzv ölkələri də sənədi imzalamağa, ratifikasiya etməyə və ona qoşulmağa çağırıb.
Nazaha prezidenti əvvəlki gün korrupsiyanın ölçülməsinə həsr olunmuş seminarın təşkilinə görə Azərbaycanın Baş Prokurorluğuna, BMT-yə və İƏT-in Baş Katibliyinə təşəkkür edib. O, seminarın korrupsiyanın ölçülməsi və ona qarşı mübarizə səylərinə, eləcə də milli strategiyaların gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Mazin bin İbrahim Əl-Kəhmus ikinci nazirlər görüşünə sədrlik dövründə göstərdiyi səylərə görə Qətərin İnzibati Nəzarət və Şəffaflıq Orqanının prezidenti Həməd bin Nasser Əl-Misnədə təşəkkür edib, Azərbaycanın Baş prokuroru Kamran Əliyevi görüşə sədrliyin Azərbaycana keçməsi münasibətilə təbrik edib.
O, qonaqpərvərliyə və görüşün yüksək səviyyədə təşkilinə görə Azərbaycana, əlaqələndirmə işlərinə görə isə İƏT-in Baş Katibliyinə minnətdarlığını bildirib.
Çıxışında təhlükəsizlik məsələlərinə də toxunan Nazaha prezidenti husilərin Səudiyyə Ərəbistanına, o cümlədən müqəddəs məkanlara, hava limanına və mülki obyektlərə hücumlarını pisləyib. O, bu hücumları beynəlxalq hüququn və ölkəsinin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.
“Səudiyyə Ərəbistanının öz ərazisini, xalqını və ölkədə yaşayan şəxsləri müdafiə etmək hüququnu vurğulayırıq. Krallıq öz maraqlarını qorumaq üçün beynəlxalq hüquqa uyğun bütün tədbirləri görəcək”, – deyə o əlavə edib.
