Bakı.Trend:
Azərbaycanın bank sektoru enerji keçidinin maliyyələşdirilməsində, müəssisələrin enerji səmərəliliyinin artırılmasında və ekoloji layihələrə özəl kapitalın cəlb olunmasında mühüm rol oynaya bilər.
Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) baş bankiri və maliyyə institutları ilə iş üzrə regional rəhbəri Mixail Qreçixo Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda bildirib.
Onun sözlərinə görə, enerji keçidi yalnız enerji sektoru ilə məhdudlaşmamalı, müəssisələr, kiçik və orta biznes, eləcə də ev təsərrüfatları daxil olmaqla, bütün iqtisadiyyatı əhatə etməlidir.
“Şirkətlər enerji səmərəliliyini artıran həllərə investisiya qoymaqla və avadanlıqları modernləşdirməklə, əhali isə daha ekoloji həllərə üstünlük verməklə bu prosesə töhfə verə bilər.
Bank sektoru enerji keçidinə üç əsas istiqamət üzrə dəstək göstərə bilər.
Belə ki, geniş filial şəbəkəsi, rəqəmsal kanalları və müştərilərlə qarşılıqlı əlaqələri sayəsində banklar enerji səmərəliliyini artıran həllər barədə məlumat yaya və onların maliyyələşdirilməsinə kömək edə bilərlər.
Bundan əlavə, banklar müəssisələrə enerji istehlakını azaltmaq və avadanlıqların modernləşdirilməsi hesabına rəqabət qabiliyyətini artırmaq imkanlarını qiymətləndirməkdə kömək etməklə bu cür həllərə tələbi stimullaşdıra bilərlər”, - deyə o bildirib.
Mixail Qreçixonun sözlərinə görə, üçüncü istiqamət özəl kapitalın cəlb edilməsidir.
“Azərbaycanda kreditlərin ÜDM-ə nisbəti 35 faiz təşkil edir ki, bu da bank maliyyələşdirilməsinin daha da inkişaf etdirilməsi üçün potensialın olduğunu göstərir.
AYİB milli valyutada və uzunmüddətli maliyyələşdirmə də daxil olmaqla, maliyyə dəstəyi göstərir, həmçinin bankların enerji keçidi sahəsində səriştələrinin inkişaf etdirilməsi üçün texniki yardım təqdim edir.
Bu dəstək banklara enerji keçidi proseslərini daha yaxşı anlamağa, müvafiq layihələri qiymətləndirməyə və müştərilərə zəruri həllərin tətbiqi ilə bağlı məsləhətlər verməyə kömək etmək məqsədi daşıyır”, - deyə AYİB nümayəndəsi bildirib.
