Bakı. Trend:
Azərbaycanın milli birliyi, müstəqil xarici siyasəti, beynəlxalq hüququn tətbiqi, Ermənistanla sülh prosesi və mədəniyyətlərarası dialoq ölkənin beynəlxalq mövqeyini müəyyənləşdirən əsas amillərdəndir.
Bu fikirləri Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışındakı çıxışı Azərbaycanın daxili birliyini, müstəqil xarici siyasətini, beynəlxalq hüquqa münasibətini və regional sülh strategiyasını əhatə edən mühüm mesajlarla zəngindir.
Politoloqun sözlərinə görə, çıxışda multikulturalizm yalnız mədəni və mənəvi dəyər kimi deyil, dövlətin dayanıqlılığını, cəmiyyətin həmrəyliyini və beynəlxalq əlaqələrini gücləndirən amil kimi təqdim olunur. Eyni zamanda, Azərbaycanın milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq münasibətlərdə suverenliyə, qarşılıqlı hörmətə və davamlı sülhə əsaslanan yanaşmanı müdafiə etdiyi vurğulanır.
A.Qarayev qeyd edib ki, forumun beynəlxalq miqyası Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində yaratdığı platformanın əhəmiyyətini göstərir. Tədbirdə 100-dən artıq ölkədən 500-dən çox qonağın iştirakı, qeydiyyatdan keçən iştirakçıların sayının isə 2 mini ötməsi bu platformanın əhatəsini nümayiş etdirir.
Onun sözlərinə görə, 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan forum 15 il ərzində beynəlxalq gündəliyin mühüm tədbirlərindən birinə çevrilib. Tədbirin iki ildən bir keçirilməsi ənənəsi formalaşıb, yalnız COVID-19 pandemiyası dövründə fasilə yaranıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 2024-cü ildə keçirilmiş əvvəlki forumdan sonra dünyada həm müsbət, həm də mənfi istiqamətdə ciddi dəyişikliklər baş verib. Bu şəraitdə mədəniyyətlərarası dialoq üçün beynəlxalq platformaların əhəmiyyəti daha da artır.
Politoloq bildirib ki, Azərbaycanın belə bir təşəbbüsə ev sahibliyi etməsi ölkənin coğrafi mövqeyi və tarixi təcrübəsi ilə bağlıdır. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin və dinlərin qarşılıqlı təmas məkanı olub. Bununla belə, coğrafi mövqe özlüyündə multikultural cəmiyyətin formalaşması üçün kifayət etmir. Müxtəlif etnik və dini qrupların hüquqlarına hörmət, qarşılıqlı etimad və ümumi dövlətçilik dəyərləri ətrafında birlik bu prosesdə mühüm rol oynayır.
O vurğulayıb ki, Azərbaycanın təcrübəsi müxtəlifliyin cəmiyyətin parçalanmasına deyil, ümumi inkişafın güclənməsinə xidmət etməsi üçün ardıcıl dövlət siyasətinin və ortaq milli ideyanın vacibliyini göstərir.
A.Qarayevin fikrincə, bu baxımdan azərbaycançılıq ideyasının əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Prezidentin çıxışında müxtəlif etnik və dini mənsubiyyətə malik Azərbaycan vətəndaşlarının Ermənistanın hərbi təcavüzü dövründə və İkinci Qarabağ müharibəsi zamanı vahid məqsəd ətrafında birləşməsi milli həmrəyliyin nümunəsi kimi təqdim edilib. “Dəmir yumruq” ifadəsinin bu kontekstdə xatırladılması cəmiyyətin ortaq dövlətçilik maraqları ətrafında birləşməsinə verilən əhəmiyyəti göstərir.
Politoloq hesab edir ki, milli birlik yalnız dinc inkişaf dövründə üstünlük yaradan amil deyil, həm də dövlətin mürəkkəb sınaqlar qarşısında müqavimət imkanlarını müəyyənləşdirir.
O bildirib ki, Azərbaycanın dövlətçilik təcrübəsi də bu yanaşmanı tamamlayır. Xalq müxtəlif siyasi sistemlərdə yaşamasına baxmayaraq, dilini, ənənələrini, həyat tərzini və milli kimliyini qoruyub saxlaya bilib. Bu ilin oktyabrında dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünün qeyd edilməsi həmin tarixi yolun mühüm mərhələsidir. Ölkədə həyata keçirilən inkişaf layihələrinin və əldə olunan nailiyyətlərin böyük hissəsinin müstəqillik dövrünə təsadüf etməsi müstəqil dövlətçiliyin yaratdığı imkanları göstərir.
A.Qarayevin sözlərinə görə, müstəqillik yalnız siyasi status deyil, həm də xalqın öz inkişaf modelini müəyyənləşdirməsi, milli dəyərlərini qoruması və gələcək prioritetlərini sərbəst seçməsi deməkdir.
Politoloq Prezidentin ideoloji təhlükəsizliklə bağlı fikirlərinə də diqqət çəkib. O qeyd edib ki, müasir dövrdə dövlətlərin üzləşdiyi təhdidlər yalnız hərbi və fiziki risklərlə məhdudlaşmır. Milli kimliyin zəiflədilməsi, cəmiyyət daxilində parçalanmanın təşviqi və dövlətçilik dəyərlərinə təsir göstərilməsi də ciddi problemlər yarada bilər.
“Dövlətin təhlükəsizliyi yalnız hərbi imkanlarla və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. Milli kimliyin, dövlətçilik dəyərlərinin və cəmiyyətin həmrəyliyinin qorunması da bu təhlükəsizliyin mühüm tərkib hissəsidir”, – deyə politoloq bildirib.
O əlavə edib ki, Azərbaycanın özünəməxsusluğunun, müstəqilliyinin, dövlətçiliyinin və həyat tərzinin qorunmasının vacibliyinin vurğulanması təhlükəsizliyə kompleks yanaşmanın ifadəsidir. Potensial risklərin əsasən ölkə hüdudlarından kənarda yarandığı nəzərə alınarsa, xarici mühitdə baş verən proseslərin diqqətlə izlənilməsi və milli maraqların qorunması xüsusi əhəmiyyət daşıyır.
A.Qarayevin sözlərinə görə, Prezidentin çıxışının mühüm istiqamətlərindən biri beynəlxalq hüququn tətbiqi məsələsidir. Azərbaycanın Ermənistanın işğalı altında qalmış ərazilərinin azad edilməsi ilə bağlı təcrübəsi bu məsələnin ölkə üçün yalnız nəzəri və ya diplomatik mövzu olmadığını göstərir.
Politoloq xatırladıb ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin bu sənədlər uzun müddət icra olunmayıb. Azərbaycanın illərlə davam edən danışıqlarda iştirak etməsinə baxmayaraq, münaqişənin həllinə nail olunmayıb və mövcud vəziyyət dəyişməz qalıb.
O bildirib ki, Prezident İlham Əliyevin çıxışında Azərbaycanın 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2023-cü ildə isə antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi xüsusi vurğulanıb. Dövlət başçısı bu prosesi BMT Nizamnaməsinin müddəaları, o cümlədən özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddə ilə əlaqələndirib.
Politoloqun fikrincə, Azərbaycanın təcrübəsi beynəlxalq hüququn yalnız sənədlərdə təsbit edilməsinin kifayət etmədiyini, onun icrasının da təmin olunmalı olduğunu göstərir. Beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar uzun müddət həyata keçirilmədikdə, həmin təşkilatların effektivliyi və beynəlxalq sistemin etibarlılığı ilə bağlı ciddi suallar yaranır.
A.Qarayev hesab edir ki, BMT-də islahatlar müzakirə edilərkən Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edən mexanizmlərin təkmilləşdirilməsi də diqqətdə saxlanılmalıdır. Azərbaycanın işğalla bağlı təcrübəsi beynəlxalq qərarların qəbul edilməsi ilə onların icrası arasında yaranan boşluğu nümayiş etdirir.
“Beynəlxalq hüququn nüfuzunu qorumaq üçün onun müddəaları bütün dövlətlərə münasibətdə ardıcıl tətbiq edilməli, qəbul olunan qərarlar siyasi şəraitdən asılı olaraq fərqli yanaşmaların predmetinə çevrilməməlidir”, – deyə o vurğulayıb.
Politoloq Prezidentin ikili standartlarla bağlı fikirlərinin də beynəlxalq hüququn tətbiqi məsələsinin davamı olduğunu bildirib. Onun sözlərinə görə, İlham Əliyev Ermənistanın Azərbaycan ərazisinin təxminən 20 faizini işğal etməsini, etnik təmizləmə nəticəsində bir milyon azərbaycanlının doğma torpaqlarından didərgin düşməsini və Qarabağda 65 məscidin dağıdılmasını xatırladıb. Həmin dövrdə Ermənistana qarşı sanksiyaların tətbiq olunmaması da çıxışda ikili standartların nümunəsi kimi göstərilib.
A.Qarayev qeyd edib ki, ikili standartlar problemi yalnız münaqişələrin həlli ilə məhdudlaşmır. Dövlətlərin daxili işlərinə müdaxilə edilməsi, onlara siyasi və ictimai həyatlarını necə təşkil etməli olduqlarının diktə olunması da suverenlik məsələsini gündəmə gətirir.
O bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət prinsipinin qorunmasını, dövlətlərin öz inkişaf yolunu müəyyənləşdirmək hüququna müdaxilə edilməməsini vacib sayır. Bu yanaşma ölkənin müstəqil xarici siyasət kursu ilə uzlaşır. Dövlətlər arasında əməkdaşlığın möhkəmlənməsi üçün onların bir-birinin suverenliyinə və milli maraqlarına hörmət etməsi əsas şərtlərdən biridir.
Politoloqun sözlərinə görə, Azərbaycanın münaqişədən sonrakı mərhələdə atdığı addımlar Prezidentin sülhlə bağlı mesajlarının mahiyyətini açır. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra Ermənistanla sülh təşəbbüsünün irəli sürülməsi müharibənin davam etdirilməsi deyil, siyasi normallaşmanın təmin olunması istiqamətində seçim kimi qiymətləndirilir.
O vurğulayıb ki, qisas siyasətinin davam etdirilməsi münaqişənin sonsuz dövrəyə çevrilməsinə səbəb ola bilər. Buna görə də hərbi qarşıdurmanı dayandırmaq, sülh üçün siyasi iradə göstərmək və gələcək münasibətlərin hüquqi əsaslarını yaratmaq xüsusi əhəmiyyət daşıyır.
A.Qarayev hesab edir ki, bu təcrübənin beynəlxalq səviyyədə öyrənilməsi də vacibdir. Müxtəlif münaqişələr arasında fərqlər olsa da, onların yaranmasına və uzun müddət davam etməsinə səbəb olan bəzi amillər oxşardır. Təcavüzkar siyasət, həddindən artıq ambisiyalar, üstünlük iddiaları və cəzasızlıq düşüncəsi qarşıdurmaların dərinləşməsinə şərait yarada bilər.
Politoloq bildirib ki, Azərbaycanın 30 il davam edən işğala son qoyduqdan sonra sülh təşəbbüsü ilə çıxış etməsi müharibədən sonrakı mərhələdə siyasi qərarların əhəmiyyətini göstərən nümunə kimi nəzərdən keçirilə bilər.
O qeyd edib ki, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsini yalnız hərbi və siyasi hadisələrlə əlaqələndirmək düzgün olmazdı. Ölkənin iqtisadi imkanları, enerji bazarındakı rolu, nəqliyyat infrastrukturu və müxtəlif dövlətlərlə qurduğu tərəfdaşlıqlar da bu mövqenin formalaşmasına təsir göstərir.
A.Qarayevin sözlərinə görə, Prezident İlham Əliyev Azərbaycanın inkişafını xalqın zəhməti ilə əlaqələndirərək ölkənin müstəqillik dövründə dağıntılardan, işğaldan və geniş yayılmış yoxsulluqdan inkişaf mərhələsinə keçdiyini bildirib. Xarici siyasətdə müstəqil qərarların qəbul edilməsi, iqtisadi imkanların genişləndirilməsi və regional əməkdaşlıq əlaqələrinin qurulması ölkənin beynəlxalq nüfuzunu artıran amillərdir.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq mövqeyini konkret diplomatik göstəricilər də tamamlayır. 2025-ci ilin aprelində Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Bəyannamənin, həmin ilin avqustunda isə ABŞ-la Strateji Xartiyanın imzalanması ölkənin iki böyük güclə əlaqələrinin inkişafında mühüm mərhələlərdir.
Bununla yanaşı, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin imzalanması Azərbaycanın Avropa istiqamətində əməkdaşlıq imkanlarını genişləndirdiyini göstərir. Bu əlaqələrin əhəmiyyəti yalnız imzalanan sənədlərlə ölçülmür. Əsas məsələ müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulması və onların konkret nəticələrlə möhkəmləndirilməsidir.
A.Qarayev bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də ölkənin diplomatik mövqeyinin göstəricilərindən biridir. Prezidentin çıxışında qeyd edildiyi kimi, Azərbaycan 2027-ci ildə təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi edəcək və təşkilata sədrlik edəcək. 2028-ci ildə isə 50-dən çox ölkənin iştirak etdiyi Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Bakıda keçirilməsi nəzərdə tutulur.
Politoloqun fikrincə, bu tədbirlər müxtəlif siyasi və mədəni mühitləri təmsil edən dövlətlərin Azərbaycanla əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir. Eyni zamanda, ölkənin beynəlxalq platformalarda dialoq və qarşılıqlı anlaşma üçün məkan rolunu gücləndirir.
O, Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə Görüşünə ev sahibliyi etməsinin də əhəmiyyətini qeyd edib. Təxminən 30 ölkəni birləşdirən təşkilatda Azərbaycanın sədrliyinin yekdilliklə daha iki il uzadılması ölkəyə göstərilən etimadın göstəricisi kimi qiymətləndirilə bilər.
A.Qarayev əlavə edib ki, 2025-ci ildə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Formatına tamhüquqlu üzv kimi dəvət olunması ölkənin regional əlaqələrinin coğrafi baxımdan genişləndiyini göstərir. Qafqazda yerləşən Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq platformasına cəlb edilməsi onun Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində bağlantı imkanları ilə də əlaqələndirilə bilər.
Politoloq iqtisadi sabitlik və infrastruktur imkanlarının Azərbaycanın beynəlxalq mövqeyinin mühüm dayaqları olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident Azərbaycanın xarici borcunun ümumi daxili məhsulun 5 faizindən bir qədər çox olduğunu bildirib və bu göstəricini aşağı səviyyə kimi qiymətləndirib. Ölkənin enerji təchizatında etibarlı tərəfdaş kimi mövqeyi, müasir nəqliyyat infrastrukturu və beynəlxalq bağlantıları da strateji əhəmiyyətini artırır.
O qeyd edib ki, əlverişli coğrafi mövqeyin real iqtisadi üstünlüyə çevrilməsi üçün infrastrukturun inkişaf etdirilməsi və qonşu dövlətlərlə, eləcə də daha geniş regionun ölkələri ilə yaxşı münasibətlərin qorunması vacibdir. Bu baxımdan Azərbaycanın iqtisadi siyasəti ilə xarici siyasətinin bir-birini tamamlaması xüsusi əhəmiyyət daşıyır.
A.Qarayevin fikrincə, mədəniyyətlərarası dialoqun bu ümumi mənzərədə yeri də məhz bununla müəyyənləşir. Azərbaycan müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanı təşviq etməklə yanaşı, bu sahədəki təcrübəsini beynəlxalq platformalarda bölüşür. Dialoq mühitinin formalaşması dövlətlər arasında etimadın artmasına, siyasi fikir ayrılıqlarının müzakirə yolu ilə həllinə və əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yarada bilər.
Politoloq hesab edir ki, multikulturalizm, iqtisadi inkişaf və müstəqil xarici siyasət ayrı-ayrı istiqamətlər olsa da, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi baxımından bir-biri ilə sıx əlaqəlidir.
O, Prezidentin dünyada qeyri-müəyyənliyin artması və yeni münaqişələrin yaranması ilə bağlı xəbərdarlığının da nəzərə alınmalı olduğunu bildirib. Müasir beynəlxalq şəraitdə əldə edilmiş nailiyyətlərin qorunması üçün təhlükəsizlik risklərini vaxtında qiymətləndirmək və dövlətin müdafiə imkanlarını gücləndirmək vacibdir.
A.Qarayevin sözlərinə görə, Prezident İlham Əliyev 2024-cü ildə keçirilmiş əvvəlki forumdan sonra baş verən mənfi dəyişikliklər sırasında regiona yaxın ərazilərdə yeni müharibələrin başlanmasını, müsbət hadisələr sırasında isə Ermənistanla sülh prosesində irəliləyişi qeyd edib. Bu yanaşma sülhə nail olmaq üçün siyasi təşəbbüslərlə yanaşı, təhlükəsizlik və strateji hazırlıq məsələlərinin də diqqətdə saxlanılmalı olduğunu göstərir.
Politoloq Ermənistanla münasibətlərdə əldə olunmuş irəliləyişlər sırasında sülh sazişinin mətninin 2025-ci ilin avqustunda Vaşinqtonda, Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə paraflanmasını xüsusi qeyd edib. Sənədi Azərbaycan və Ermənistanın xarici işlər nazirləri paraflayıblar. Həmin tədbirdə üçtərəfli Bəyannamə də imzalanıb və ABŞ Prezidenti sənədi şahid qismində imzalayıb.
O vurğulayıb ki, sülh sazişinin paraflanması onun imzalanması ilə eyni deyil. Bununla belə, Prezidentin çıxışında bu hadisə Cənubi Qafqazda yeni siyasi reallığın formalaşması və uzunmüddətli münaqişənin sülh yolu ilə tənzimlənməsi istiqamətində əhəmiyyətli mərhələ kimi təqdim olunur.
A.Qarayev bildirib ki, Prezident İlham Əliyevin forumun açılışındakı çıxışı Azərbaycanın dövlətçilik prioritetlərini, beynəlxalq hüquqa münasibətini, sülh strategiyasını və xarici siyasətinin əsas istiqamətlərini vahid məntiq çərçivəsində birləşdirir.
“Azərbaycanın beynəlxalq mövqeyi təkcə iqtisadi göstəricilər, hərbi imkanlar və diplomatik əlaqələrlə müəyyənləşmir. Milli həmrəylik, suveren qərarvermə hüququ, beynəlxalq hüququn ardıcıl tətbiqi, regional əməkdaşlıq və mədəniyyətlərarası dialoqun təşviqi də bu mövqenin mühüm dayaqlarıdır”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, qarşıdakı dövrdə əsas vəzifə bu dayaqları qorumaq, iqtisadi və diplomatik imkanları genişləndirmək, potensial təhlükələrə hazır olmaq və Cənubi Qafqazda sülhü davamlı siyasi nəticələrə çevirməkdir.
