Bakı. Trend:
Süni intellekt texnologiyalarının tətbiqi və genişləndirilməsi üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkəti “Wonderful” Azərbaycanda ofis açmaq imkanlarını araşdırır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, mövzu nazir Rəşad Nəbiyevin “Wonderful” şirkətinin təsisçisi və baş icraçı direktoru Bar Vinkler ilə görüşündə müzakirə olunub.
Görüşdə süni intellekt həllərinin dövlət sektorunda tətbiqi, rəqəmsal transformasiyanın sürətləndirilməsi, eləcə də şirkətin Azərbaycanda ofisinin açılması və yerli mütəxəssislərin işə cəlb olunması imkanları müzakirə edilib.
Qeyd edək ki, "Wonderful" süni intellekt texnologiyalarının tətbiqini genişləndirmək və müəssisələrin fəaliyyətində avtomatlaşdırmanı inkişaf etdirmək üzrə ixtisaslaşan beynəlxalq texnologiya şirkətidir. Şirkət müəssisələrə süni intellekt həllərini gündəlik əməliyyatlara inteqrasiya etmək, müştəri xidmətlərini təkmilləşdirmək, əməkdaşların məhsuldarlığını artırmaq və daxili iş proseslərini optimallaşdırmaq üçün texnoloji platforma təqdim edir.
"Wonderful"un 2 sentyabr 2026-cı il tarixli rəsmi açıqlamasına əsasən, şirkət 35-dən çox bazarda fəaliyyət göstərir və dünya üzrə 650 əməkdaşı var. Həmin tarixdə şirkət 5 milyard ABŞ dolları dəyərində qiymətləndirmə ilə 550 milyon dollarlıq C seriyası investisiya raundunu başa çatdırdığını elan edib.
Şirkətin əsas məhsulu olan "Wonderful AI OS" müxtəlif süni intellekt modellərini, agentləri, iş axınlarını və mövcud informasiya sistemlərini vahid platformada birləşdirir.
"Wonderful"un həlləri bank işi, telekommunikasiya, səhiyyə, sığorta, pərakəndə ticarət, enerji və kommunal xidmətlər, eləcə də aviasiya kimi sahələri əhatə edir.
