Bakı. Trend:
Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi məqsədilə təqdim edilməməsinə görə cərimələr müəyyənləşir.
Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 27-də keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, ətraf mühitə təsirin qiymətləndirilməsi sənədinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet informasiya ehtiyatında yerləşdirilməsi üçün həmin orqana (quruma) təqdim edilməməsinə görə vəzifəli şəxslər 2000 manat, hüquqi şəxslər isə 4000 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, yeni qanun layihəsinə əsasən, ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 3000 manat, hüquqi şəxslər isə 8000 manat məbləğində cərimə ediləcək.
Hazırda qüvvədə olan qanunvericiliyə görə isə, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək məbləğdə, hüquqi şəxslər 8 500 manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, hazırda Milli Məclisin müzakirəsində olan "Ətraf mühitin mühafizəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə görə, ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatları ictimaiyyətə açıqlanacaq.
Belə ki, qanun layihəsinə əsasən, ətraf mühitin istehsalat monitorinqi təsərrüfat fəaliyyətinin təsiri nəticəsində ətraf mühitin vəziyyətində bas verən dəyişikliklərin müşahidəsi və tədqiqatı sistemi hesab ediləcək.
Təbiətdən istifadəçilər ("Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Qanuna əsasən ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növləri ilə məşğul olan hüquqi şəxslər) ətraf mühitin istehsalat monitorinqini aparmalıdırlar.
"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Qanuna uyğun olaraq ətraf mühitin istehsalat monitorinqində istifadə edilən ölçmə vasitələrinin tipi təsdiq edilməli və onlar yoxlamadan keçməlidir.
Ətraf mühitin istehsalat monitorinqinin nəticələri barədə illik hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi formaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) növbəti il fevralın 1-dən gec olmayaraq təqdim ediləcək.
