Bakı.Trend:
Polşanın paytaxtı Varşavada Polis Mərkəzi İstintaq İdarəsinin əməkdaşları Rumıniyanın Braşov şəhərində yerləşən Carfil müdafiə müəssisəsini yandırmaq cəhdi ilə əlaqəli Rusiyadan idarəolunmaqda şübhəl bilinən bir nəfəri saxlayıblar.
Bu barədə "RMF24" məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, saxlanılan şəxs Ukrayna vətəndaşı, 25 yaşlı Artem S.-dir. O, Avropa həbs orderi əsasında Buxarestə ekstradisiya edilməlidir.
Məlumata əsasən, ukraynalının diversiya qrupundakı rolunun kəşfiyyat məlumatlarının toplanmasından ibarət olduğu güman edilir. Onun mümkün vəzifələri sırasında yandırılması nəzərdə tutulan obyektin müəyyənləşdirilməsi və əməliyyatın maliyyələşdirilməsi də olub.
Şübhəli Varşavada qaldığı mənzildə saxlanılıb. Radiostansiyanın məlumatına görə, o hüquq mühafizə orqanları əməkdaşlarına müqavimət göstərməyib.
Xatırladaq ki, Rumıniya Kəşfiyyat Xidməti sentyabrın 14-də Braşov şəhərindəki Carfil silah zavodunun ərazisində yanğın törətməyə cəhdlə əlaqəli və Rusiyadan koordinasiya olunan diversiya şəbəkəsini ifşa edib. KİV-in məlumatına görə, yanğın törətməyə cəhddə Ukrayna vətəndaşı və iki Belarus vətəndaşı şübhəli bilinir.
