Bakı.Trend:
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Muzeylər və irs qurumları inklüzivlik, dialoq və sosial birlik üçün iştiraka əsaslanan məkanlar kimi” adlı panel sessiyası keçirilib.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, panel muzeylərdə və irs məkanlarında mədəniyyətlərarası dialoq prinsiplərinin anlaşılmasını dərinləşdirmək və praktik tətbiqini dəstəkləmək üçün alimləri, mədəniyyət mütəxəssislərini və siyasətçiləri bir araya gətirib.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsrlər boyu dini ənənələrin və mədəniyyətlərin qovuşduğu yer olub.
“Azərbaycanda yanaşı formada kilsə, sinaqoq və məscidləri görmək mümkündür. Bu da dediyimiz faktın reallığını əks etdirir”.
Səbinə Hacıyevə bildirib ki, Azərbaycanda 144 muzey var ki, onların hər biri maraqlı nümunələrlə zəngindir.
“Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edildikdən sonra dini və tarixi abidələrin hər biri bərpa edilməkdədir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan maddi və qeyri-maddi irsin qorunmasına çox həssas yanaşır”,- deyə o bildirib.
Xalça Muzeyinin direktoru Əminə Məlikova əlavə edib ki, müasir muzeylər hər kəsin anlaya biləcəyi dildə ziyarətçilərlə dialoq qurmalıdır və Azərbaycan Milli Xalça Muzeyi üçün bu dil ənənəvi incəsənətdir.
“Biz dialoqu ənənəvi incəsənət dilində, xalça dilində qurmağa öyrəşmişik. Azərbaycanda biz tez-tez deyirik ki, hər bir naxışda xüsusi bir kod, əcdadlarımızın mesajını özündə daşıyan bir növ əlifba şifrələnib.
Müasir muzeylər əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənir və müxtəlif nəsillərin ziyarətçilərinin gözləntilərini nəzərə almalıdır”, – deyə o əlavə edib.
Britaniya Muzeyinin İcma Tərəfdaşlığı Meneceri Jo-Anne Sunderland Bowe qeyd edib ki, muzey insanlar üçün elə bir mühit yaratmalıdır ki, suallar verilə bilsin.
“İnsanlara öz təcrübəsini bölüşmək imkanı yaradılmalıdır. Eyni zamanda biz mədəni irsin tanıdılmasına kömək etməliyik. Muzeylər fərqliliklərin, müxtəlif mədəniyyət nümunələrinin bir araya gəldiyi məkandır. Bu səbəbdən biz çalışmalıyıq ki, muzeylərə marağı artıraq”,- deyə o bildirib
Smitsonian Muzeyinin İzahlı Təqdimat, Öyrənmə və İctimai Proqramlar üzrə Direktor müavini Nicole Dowd vurğulayıb ki, muzeylərlə bağlı qlobal tərəfdaşlıqlar qurmalıdır. Çünki bu daha çox cəmiyyətlərə incəsənət nümunələrini çatdırmağa imkan yaradacaq.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27–29-da Bakıda “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması” mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
