Bakı. Trend:
Müasir dünyada cinayətkarlığa qarşı mübarizə bir dövlətin sərhədləri ilə məhdudlaşa bilməz. Bunun üçün bütün ölkələr birgə və koordinasiyalı fəaliyyət göstərməlidir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Səfir görüşün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən bu görüş İslam ölkələrinin korrupsiyaya və beynəlxalq cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq etməsinin vacibliyi mesajını verir”, – deyə o bildirib.
M.Dəmirçilu qeyd edib ki, Azərbaycanla İran arasında bu sahədə ikitərəfli əlaqələr davam edir və müvafiq strukturlar arasında əməkdaşlıq mövcuddur.
“Cinayətkarlıqla mübarizə yalnız cinayət törədildikdən sonra ona qarşı tədbir görmək deyil. Daha əhəmiyyətlisi, cinayətkarların cinayətə başlamasına və ya cinayət əməllərini davam etdirməsinə imkan verməmək üçün əməkdaşlıq etməkdir. Bu baxımdan həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq faydalıdır. Hər iki səviyyədə əməkdaşlıq etməyimiz sevindirici haldır”, – deyə səfir əlavə edib.
