Məkkə Konvensiyasının yaxın vaxtlarda ratifikasiya olunacağına ümid edirik – Kamran Əliyev

Siyasət Xəbər 28 Oktyabr 2026 16:59 (UTC +04:00)
Məkkə Konvensiyasının yaxın vaxtlarda ratifikasiya olunacağına ümid edirik – Kamran Əliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın qoşulduğu Məkkə əl-Mükərrəmə Konvensiyasının yaxın vaxtlarda ratifikasiya olunacağına ümid edirik.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, sənəd ratifikasiya olunduqdan sonra onun müddəalarının Azərbaycan qanunvericiliyinə implementasiyası həyata keçiriləcək.

“Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin antikorrupsiya qurumlarının üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan da digər ölkələrlə birlikdə konvensiyanı imzalayıb. Ümid edirik ki, yaxın vaxtlarda sənəd ratifikasiya olunacaq və bundan sonra onun müddəalarının Azərbaycan qanunvericiliyinə implementasiyası həyata keçiriləcək”, – deyə K.Əliyev qeyd edib.

Baş prokuror bildirib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı nəzərdə tutan konvensiyanın hazırlanması və qəbulunda fəal iştirak edib. Ölkəmiz bundan əvvəl keçirilən hər iki yüksək səviyyəli görüşdə də təmsil olunub.

Onun sözlərinə görə, Azərbaycanın konvensiyaya məhz indi qoşulması mühüm əhəmiyyət daşıyır.

“Qarşıdakı illərdə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrlik edəcək. Ümid edirəm ki, bu dövrdə bütün sahələrdə, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində təşkilata üzv dövlətlərlə səmərəli əməkdaşlığımızı davam etdirəcəyik”, – deyə Baş prokuror bildirib.

K.Əliyev vurğulayıb ki, konvensiyanın imzalanması Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsinin daha bir təzahürüdür.

“Azərbaycan bu sahədə həm BMT-nin, həm də digər regional və beynəlxalq konvensiyalara qoşulub. Məkkə Konvensiyası da korrupsiyaya qarşı mübarizə sahəsində yeni platformadır. Hesab edirəm ki, bu platforma çərçivəsində də fəaliyyətimiz uğurlu olacaq”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti