Bakı. Trend:
İpoteka kreditlərindən mənzilə ehtiyacı olan daha çox vətəndaşın faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısının alınması məqsədilə ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib.
Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan məlumat verilib.
Bildirilib ki, dəyişikliyə əsasən, yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi çərçivəsində Fondla bağlanmış qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs əsas borcalan qismində ipoteka kreditindən faydalana bilər:
"Bununla yanaşı, ipoteka kreditlərinə müraciət zamanı Fondun təşəbbüsü ilə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası tətbiq ediləcək. Yeni həll sayəsində vətəndaşlar müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksionallığı ilə təsdiqləyə biləcəklər. Bu yanaşma, prosesin təhlükəsizliyinin və şəffaflığının təmin olunmasına, ipoteka kreditlərinə müraciət zamanı yarana biləcək sui-istifadə hallarının, prosesə kənar müdaxilə riskinin, xüsusi proqram təminatlarından istifadə edilməsinin qarşısının alınmasına imkan verəcək. Müraciətə dair təlimat MyGov portalında müvafiq bölmədə yerləşdirilib".
"İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən
ölkədə uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini
həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22
iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına
ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin
verilməsi Qaydası”na uyğun olaraq, Fond 2026-cı il ərzində də
əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində
fəaliyyətini uğurla davam etdirib. İndiyədək Fondun vəsaiti
hesabına müvəkkil banklar tərəfindən 4 milyard 185 milyon manat
məbləğində 61 minə yaxın ipoteka krediti verilib. Fondun vəsaiti
hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini
gənclər və gənc ailələr təşkil edib.
Qeyd olunan dəyişiklik və yeniliklərlə bağlı vətəndaşların əlavə
sualları yarandığı halda, Fondun 1549 Çağrı Mərkəzinə müraciət edə
bilərlər", - deyə məlumatda bildirilib.
