Aşqabad. Trend:
Hindistanın Rossari Biotech Limited şirkəti qazın təmizlənməsində istifadə olunan MDEA kimyəvi reagentinin təchizatçısı kimi qeydiyyatdan keçib və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) və ölkədə fəaliyyət göstərən digər neft-qaz şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırır.
Bu barədə Rossari Biotech Limited şirkətinin nümayəndəsi Ketan Qadhiya (Ketan Gadhiya) Aşqabadda keçirilən 31-ci “Türkmənistanın neft və qazı” beynəlxalq konfransı və sərgisi (OGT 2026) çərçivəsində Trend-ə müsahibəsində bildirib.
“Azərbaycanda şirkətimiz qazın təmizlənməsi üçün istifadə olunan kimyəvi reagent olan MDEA-nın təchizatçısı kimi artıq qeydiyyatdan keçib. Biz həmçinin SOCAR və ölkədə fəaliyyət göstərən digər neft-qaz şirkətləri ilə əməkdaşlıq imkanlarını araşdırırıq”, – deyə o qeyd edib.
K. Qadhiyanın sözlərinə görə, şirkət əsas diqqətini neft-qaz sənayesinin bütün seqmentləri – upstream (kəşfiyyat və hasilat), midstream (nəql və saxlama) və downstream (emal və satış) üçün kimyəvi məhsulların tədarükünə yönəltməyi planlaşdırır.
O bildirib ki, şirkətin istehsal sahəsində ixtisaslaşması neft-qaz müəssisələrini tələb olunan keyfiyyətdə məhsullarla rəqabətqabiliyyətli qiymətlərlə təmin etməyə imkan verir.
“Biz milli neft şirkətlərinə və neft emalı zavodlarına yönəlmişik, çünki özümüz istehsalçıyıq. Bu, Azərbaycanda və Türkmənistanda fəaliyyət göstərən neft-qaz şirkətlərinə rəqabətqabiliyyətli qiymətlərlə keyfiyyətli məhsullar tədarük etməyimizə imkan verəcək”, – deyə Rossari Biotech şirkətinin nümayəndəsi bildirib.
Rossari Biotech Limited 1997-ci ildə yaradılmış Hindistanın ixtisaslaşdırılmış kimyəvi məhsullar istehsalçısıdır. Şirkət neft-qaz və tekstil sənayesi, məişət kimyası istehsalı, kənd təsərrüfatı və digər sahələr üçün kimyəvi həllər istehsal edir. Şirkətin məlumatına görə, məhsul çeşidinə 4 300-dən çox məhsul daxildir, fəaliyyət coğrafiyası isə 65-dən çox ölkəni əhatə edir.
Qeyd edək ki, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Hindistan şirkətlərinin Azərbaycanın neft və energetika sahələrinə investisiya yatırmaqda maraqlı olduğunu bildirib.
Onun sözlərinə görə, qarşılıqlı ticarət və investisiyaların daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
“Biz neft və energetika sektorlarına investisiyaların daha da artırılması, eləcə də digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini nəzərdən keçirməli olduğumuz barədə razılığa gəldik”, – deyə nazir əlavə edib.
